SİYASƏT
Oleq Karpivin: “Fransa, bir ilə bu qədər qalmaqal çox deyilmi?!”
Kiyev, 26 dekabr (AZƏRTAC). Məlum olduğu kimi, Fransa parlamentinin uydurma “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsini qəbul etmək qərarı türk dünyasında, bütün sivil və demokratik cəmiyyətdə etiraz dalğasına səbəb olmuşdur.
AZƏRTAC-ın Kiyevdəki xüsusi müxbiri həmyerlimiz, “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatının prezidenti, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət İdman Mərkəzinin yaradıcısı, tanınmış idmançı, məşqçi və mesenat Oleq Krapivindən bu barədə öz rəyini bildirməyi xahiş etmişdir. O demişdir:
- Azərbaycanda doğulmuş, həyatının böyük bir hissəsini Bakıda yaşamış, türk dünyasının həqiqi tarixini gözəl bilən, Azərbaycana qarşı Ermənistan Respublikasının işğalçı və təcavüzkar siyasəti nəticəsində öz xalqının çəkdiyi ağrı-acını görən bir insan kimi mənə Fransa Milli Assambleyasının aşağı palatasının qərarı son dərəcə pis və təhqiramiz təsir bağışlamışdır.
Ancaq bu ölkədəki bəzi siyasi meyilləri - son vaxtlar Fransa hökumətinin, hüquq mühafizə orqanlarının “titulsuz” millətdən olan insanlara göstərdikləri təzyiqi və cəza tədbirlərini, müsəlman geyiminin qadağan olunmasını təhlil etdikdə aydın olur ki, parlament üzvlərinin bu qərarı mühacirlərin, ilk növbədə türk dünyası ölkələrindən gəlmiş mühacirlərin Fransadan sıxışdırılıb çıxarılmasına yönəldilmiş tədbirlərdən biridir.
Parisin, ölkənin başqa şəhərlərinin küçələrində ksenofobiyaya qarşı mitinqlərin keçirilməsi, hər gün onlarca avtomobilin yandırılması, kiçik mağazaların və supermarketlərin vitrinlərinin sındırılması hələ yaddaşlardadır...
Biz Fransanın prezidentliyinə real namizədlərdən biri, Beynəlxalq Valyuta Fondunun keçmiş icraçı direktoru Dominiko Qaston Andre Stross-Kanla bağlı seksual qalmaqalı unutmamışıq. Bu qalmaqal dünya ictimaiyyətində böyük qəzəb doğurmuşdu.
Erməni lobbisinin fitvası ilə Fransa deputatlarının qəbul etdikləri bu antidemokratik və ən azı ədəbsiz qərarı bir idmançı kimi mən şahmatdakı tsuqsvanq vəziyyəti ilə müqayisə etmək istəyirəm: bu vəziyyətdə oyunçunun istənilən gedişi onun mövqeyinin pisləşməsinə gətirib çıxarır.
Fransa, bir ilə bu qədər qalmaqal çox deyilmi?
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev