CƏMİYYƏT
“Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində İtaliya-Azərbaycan dostluğuna aid tədbir keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Bakıdakı 158 nömrəli tam orta məktəbdə “Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində növbəti tədbir keçirilib. Tədbir Azərbaycan-İtaliya dostluq əlaqələrinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Milli Olimpiya Komitəsinin, Təhsil Nazirliyinin nümayəndələri, 158 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə hər iki ölkənin mədəniyyəti, dostluq əlaqələri, tarixi və adət-ənənələri ilə bağlı rəsm sərgisinə baxıblar.
Sonra səfir Auqusto Massari coğrafiya, kimya və fizika fənləri üzrə dərs prosesini izləyib.
Məktəbin direktoru Mehriban Ələkbərova tədbirdə belə tədbirlərin şagirdlərin biliklərinin və dünyagörüşlərinin artırılmasında önəmini qeyd edib. İtaliya xalqının, mədəniyyətinin və incəsənətinin ölkəmizdə çox sevildiyini vurğulayan direktor bildirib ki, tədbirin məqsədi şagirdlərin İtaliyanın tarixi və mədəniyyəti haqqında ətraflı məlumatlandırılmasıdır.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdikləri yüksək diqqət və qayğı nəticəsində əldə olunan uğurlardan danışıblar. O, respublikamızda son dövrdə üç mindən çox məktəb binasının əsaslı təmir olunmasını və yenidən tikilməsini, minlərlə gəncin dünyanın qabaqcıl universitetlərində təhsil almasını bu diqqət və qayğının göstəricisi olduğunu deyib. Azərbaycan İtaliya əlaqələrinin sürətlə inkişaf etdiyini deyən Ə.Əzizov bu baxımdan dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərini diqqətə çatdırıb.
Səfir Auqusto Massari Azərbaycan xalqının yüksək qonaqpərvərliyini məmnunluqla qeyd edərək tədbirə ev sahibliyinə görə məktəbin kollektivinə minnətdarlığını bildirib. Diplomat Azərbaycanda digər sahələrlə yanaşı, Olimpiya hərəkatının da sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Auqusto Massari İtaliya-Azərbaycan dostluğuna aid sərgidə ən yaxşı əsərin müəllifinin ölkəsinə bir həftəlik səyahət imkanı qazanacağını vurğulayıb.
Tədbirdə məktəbin şagirdləri Azərbaycan-İtaliya dostluğuna aid tamaşalar göstəriblər.
“Olimpiya mədəniyyəti və təhsil proqramı” cari ilin iyulunda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclərinin Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi, həmçinin Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə reallaşdırılır. Proqramın məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyəti, idmanı və Olimpiya hərəkatını təşviq etməkdir.