Ölkədə gedən inkişaf Qubadlı rayonunun məcburi köçkün əhalisinin həyatında da öz əksini tapmışdır
Sumqayıt, 17 fevral (Ətrabə Rzayeva, AZƏRTAC). Fevralın 17-də Qubadlı Rayon İcra Hakimiyyətinin Sumqayıtda yerləşən inzibatı binasının akt zalında başçı yanında şuranın geniş iclası keçirilmişdir. 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasda icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla anmışlar.
Rayon icra hakimiyyətinin başçısı Malik İsaqovun hesabat məruzəsi ötən il respublikanın əldə etdiyi nailiyyətlər haqqında geniş məlumatla başlamışdır. Bildirilmişdir ki, 2013-cü ildə də ölkənin dinamik inkişafı təmin olunmuş, bir sıra böyük layihələr icra edilmiş, aparılan islahatlar daha da dərinləşdirilmişdir. M.İsaqov Azərbaycanın son on ildə sürətli inkişafının Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyev strategiyasına sadiqliyi, bu siyasəti qətiyyətlə və yaradıcılıqla həyata keçirməsi nəticəsində əldə edildiyini, dövlətimizin başçısının daha firavan gələcəyin qarantı olduğunu demişdir. Vurğulanmışdır ki, məhz buna görə də Azərbaycan xalqı, o cümlədən Qubadlı sakinləri 2013-cü ilin oktyabr ayında keçirilən Prezident seçkilərində ölkənin, xalqın taleyini yenidən Prezident İlham Əliyevə etibar etmişdir.
M.İsaqov bu inkişafın real nəticələrinin Qubadlı rayonunun məcburi köçkün əhalisinin həyatında da öz əksini tapdığını söyləmişdir. Qeyd olunmuşdur ki, rayon əhalisinin mənzil şəraitinin yaxşılaşdırılması, məcburi köçkünlərin üzləşdikləri problemlərin aradan qaldırılması, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər 2013-cü ildə də davam etdirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarının, yerli icra strukturlarının fəaliyyəti əhalinin məskunlaşması və köçkünlük spesifikası nəzərə alınmaqla işin səmərəsinin artırılmasına yönəldilmişdir. Həyata keçirilən tədbirlər kompleksində yenə də başlıca yeri köçkünlərin yığcam məskunlaşdığı ərazilərdə - yataqxana, pansionat, sanatoriya və digər binalarda kommunal şəraitin yaxşılaşdırılması tutmuşdur.
Görülən işləri təhlil edən məruzəçi məlumat vermişdir ki, ötən il rayon icra hakimiyyəti üçün ayrılmış yeni binada əsaslı təmir və yenidənqurma işləri başa çatmış, işçilərin normal fəaliyyət göstərmələri üçün lazımi şərait yaradılmışdır. Həmin binada nəfis tərtibatlı 150 nəfərlik akt zalı və rayon tarix diyarşünaslıq muzeyi yaradılmışdır. Muzeydə rayonun görkəmli ziyalılarının, Milli Qəhrəmanlarının, torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin, əmək qəhrəmanlarının, ictimai xadimlərin və kəndlərin işğaldan əvvəlki fotoşəkilləri toplanmışdır. Muzeylə tanışlıq gənc nəslin vətənpərvərlik tərbiyəsində, doğma yurda, vətənə bağlılığında mühüm əhəmiyyət kəsb edən amilə çevrilmişdir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Sumqayıt şəhərində Milli Qəhrəman Əliyar Əliyev, Nadir Bədəlov, Balakişi Hüseynov və Əbülfəz Mehdiyevin abidə kompleksi tikilərək ətrafında abadlıq işləri aparılmış, anım tədbirləri keçirilmişdir.
Hesabat məruzəsində qeyd olunmuşdur ki, dövlət siyasətində başlıca yer tutan sosial məsələlər rayonda da diqqətdə saxlanılmışdır. Belə ki, hesabat ili ərzində rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 388 ailəyə ünvanlı sosial yardım ödənilmiş, 79 nəfər əlil müalicə və istirahət ocaqlarına göndərilmiş, 3 nəfər Qarabağ müharibəsi əlilinə pulsuz avtomobil verilmişdir. Kommunal xərclərin, əmək haqlarının verilməsi, yemək xərclərinin ödənilməsi ilə bağlı heç bir problem olmamışdır. M.İsaqov vətəndaşların həyat səviyyəsinin yüksəlməsində, güzəranlarının yaxşılaşmasında onların işlə təmin olunmasının önəmini vurğulayaraq, iqtisadiyyat sahəsində çalışanlarının sayının 10 min 680 nəfərə çatdığını bildirmişdir.
Məruzədə, həmçinin təhsil, səhiyyə, idman, mədəniyyət, gənclərlə iş, o cümlədən əhalinin təbii qaz, elektrik enerjisi və su təminatının yaxşılaşdırılması sahələrində görülmüş işlərdən bəhs olunmuş, uğurlarla yanaşı, problemlər də qeyd edilmişdir. Hesabat ilində vətəndaşların müraciətlərinin diqqətdə saxlandığı, rayon icra hakimiyyətinə daxil olan 265 müraciətin hamısına qanuna müvafiq baxıldığı diqqətə çatdırılmışdır. Vətəndаşlаrın rаyоn icrа hаkimiyyətinə mürаciət еtmək imkаnlаrının аrtırılmаsı, mürаciətlərin öyrənilməsi və təhlili məqsədi ilə elektron poçt yаrаdılmışdır. Əhalinin problemlərinin yerində öyrənilərək operativ qaydada həll olunması üçün məcburi köçkünlərin yığcam məskunlaşdıqları ərazilərdə 42 görüş-qəbul təşkil edilmişdir.
Məruzədə o da qeyd edilmişdir ki, vətəndaşların ərizə, şikayət və müraciətlərinə baxmasını işində nəzərəçarpacaq irəliləyişi olsa da, rayonun bəzi idarə, müəssisə və təşkilatlarının, yerli İcra nümayəndəliklərinin rəhbər işçiləri və vəzifəli şəxsləri bu məsələyə kifayət qədər məsuliyyətlə yanaşmırlar və belə hallara birdəfəlik son qoyulmalıdır.
Hesabat məruzəsində yer almış məlumatlar, faktlar, müqayisəli təhlil, statistik rəqəmlər səhnədə quraşdırılmış monitorda slayd-şou, diaqram və sxemlər vasitəsi ilə nümayiş olunmuşdur
Yığıncaqda çıxış edənlər təmsil etdikləri sahələr üzrə görülmüş işlər barəsində məlumat vermiş, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışmış, maraqlı təkliflər irəli sürmüşlər. Onlar Azərbaycanın əldə etdiyi nailiyyətlərdən qürur duyduqlarını söyləmiş, məcburi köçkünlərə göstərdiyi qayğıya görə Prezident İlham Əliyeva dərin minnətdarlığını bildirmişlər.
Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev və Milli Məclisin deputatı İmamverdi İsmayılov yığıncaqda çıxış edərək ölkədə sosial-iqtisadi sahədə gedən inkişafdan və qarşıda duran vəzifələrdən danışmışlar.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.