Ölkəmizdəki hemofiliyalı xəstələrin 55 faizi Bakı və Sumqayıt şəhərlərinin sakinidir VİDEO
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Respublika Klinik Xəstəxanasında (RKX) 17 aprel - Dünya Hemofiliya Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimova deyib: “Dünya üzrə hemofiliyalı xəstələrin 80 faizi lazımi dərman preparatları ilə təmin olunmurlar. Ölkələrin yalnız 20 faizi bu preparatlarla təmin olunur ki, Azərbaycan da bura daxildir.
2005-ci ildə qəbul olunmuş “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanuna əsasən bu problemdən əziyyət çəkənlər ödənişsiz tibbi yardımdan faydalanırlar. Bura hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi, onların laxtalanma faktorları ilə təminatı, qanaxmaların profilaktikası, ağırlaşmaların aradan qaldırılması tədbirləri daxildir. Bu da, belə xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması, ömürlərinin uzadılması, əlilliyin və ölüm hallarının qarşısının alınmasında kömək edir.
2017-ci ilin statistik məlumatlarına əsasən ölkədə 1595 hemofiliyalı xəstə dispanser qeydiyyatındadır. Onlardan 1-5 yaş arası olan 98 uşağın 54-ü ilkin profilaktikaya götürülüb. 5-15 yaş arası uşaq və yeniyetmələr isə 231 nəfərdir. Bu da ümumi xəstələrin 21 faizini təşkil edir. Bu problemdən əziyyət çəkənlərin 55 faizi - 758 nəfəri Bakı, 77 nəfəri isə Sumqayıt şəhərlərinin sakinidir. Ötən illərə nisbətən qeydiyyata alınan xəstələrin sayında artım müşahidə edilir ki, bu da maarifləndirmə işlərinin daha geniş aparılması ilə bağlıdır. Artıq ən ucqar bölgələrdə yaşayanların da bu xəstəlik haqqında məlumatı var.
Mərkəzdə aparılan işlərin nəticəsində respublikamızda yaşayan hemofiliyalı xəstələrin mümkün qədər tam dispanser qeydiyyatı və pasportlaşması aparılıb. Hər il hemofiliyalı xəstələr üzərində müxtəlif böyük və kiçik cərrahi əməliyyatlar icra olunur. Bunlardan oynaqların endoprotezləşməsi, dişlərin çəkilməsi, plastik cərrahi müdaxilələr və digərlərini misal çəkmək olar.
Mərkəzin laboratoriyası Böyük Britaniyanın Krallıq Xəstəxanasının laboratoriyası ilə əməkdaşlıq edir”.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.