İQTİSADİYYAT
Ötən ay 16 mindən çox sığorta müqaviləsi bağlanmışdır
Bakı, 10 iyun (AZƏRTAC). May ayında daşınmaz əmlakın icbari sığortası üzrə 15 min 637, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 343, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanmışdır.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildirmişlər ki, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1 milyon 228 min 651 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 26 min 400 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 6 min 960 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 11,77 faiz, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 0,29 faiz artım müşahidə edilmişdir.
İcbari sığorta müqavilələrinin 83,26 faizi yaşayış evləri və mənzillər, 0,52 faizi inzibati binalar, 16,22 faizi digər daşınmaz əmlakla bağlı olmuşdur.