İQTİSADİYYAT
Ötən il 167,7 ton keyfiyyətsiz ərzaq malları məhv edilmişdir
Bakı, 9 yanvar (AZƏRTAC). 2011-ci ildə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlamalar zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və etiketlənməsi, habelə keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərinin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif ərzaq malları (ət və ət məhsulları, şəkər, bal və qənnadı məmulatları, süd və süd məhsulları, balıq məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər və s.) satışdan çıxarılaraq məhv edilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu dövrdə saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, etiketlənməsi normativ sənədlərin tələblərinə cavab verməyən 1 ton qeyri-ərzaq malları (yuyucu və təmizləyicilər, kosmetik vasitələr və s.) satışdan çıxarılaraq məhv edilmişdir.
Ötən il antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə baxılmış işlər üzrə 95 qərar qəbul edilmiş və qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə ümumilikdə 306,8 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.
Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində 1.485 qərar qəbul edilmiş və ümumilikdə 1 milyon 287,8 min manat məbləğində cərimə tətbiq edilmişdir.
Dövlət Xidməti tərəfindən istehlakçıların maarifləndirilməsi məqsədi ilə 13 konfrans keçirilmiş, 13 adda 160 min, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 buklet çap edilərək müvafiq tərəflərə paylanmışdır.
Gənclərin istehlakçı hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə məqsədi ilə ötən il 8 ali məktəbdə "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda seminarlar keçirilmişdir.
Gündəlik istehlakda geniş istifadə olunan müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarına, həmçinin xidmət sahələrinə dair 67 adda mal və xidmət üzrə 200-ə yaxın maarifləndirici məlumat, 2 sosial reklam çarxı KİV vasitəsilə yayımlanmışdır.
Dövlət Xidməti 2012-ci ildə də istehlak bazarına nəzarət, eləcə də maarifləndirmə tədbirlərini davam etdirir.