İQTİSADİYYAT
Ötən il Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlara 373 xüsusi razılıq verilmiş, 13 lisenziyanın fəaliyyəti dayandırılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti 2013-cü ildə sahibkarlar tərəfindən edilmiş müraciətlərə əsasən 373 xüsusi razılıq (lisenziya) vermişdir.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, onlardan 36-sı qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi ilə bağlı, 319-u dövriyyəsi ilə bağlı və 18-i surət olmaqla lisenziya verilmiş, 192950 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilmiş, 13 lisenziyanın fəaliyyəti dayandırılmışdır.
2013-cü ilin müvafiq dövrü ərzində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanununun tələblərinə əməl edilməsinə riayət olunması məqsədi ilə 48 yoxlama aparılmışdır. Yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 26994 ədəd məmulatın Xidmətə gətirilməsi təmin edilmişdir. Həmin məmulatların üzərində mənşəyi məlum olmayan saxta ad və əyar damğalar müəyyən edilmiş və əyarlarının üzərində göstəriləndən aşağı əyar olduğu aşkarlanmışdır. Onların üzərindəki saxta ad və əyar damğalar silinmiş və əvəzində uyğun dövlət əyar damğası vurulmuşdur. Belə zərgərlik məmulatlarına görə 232434 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilmişdir.
2013-cü ildə yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati tənbehin tətbiq edilməsi haqqında 43 qərar çıxarılmış və ümumilikdə 36600 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Xidmətə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə bütövlükdə 1511518,4 manat dövlət rüsumunun ödənilməsi təmin edilmişdir.
Beləliklə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi üçün normativ-hüquqi baza yaradılmışdır. İstehlakçıların hüquqlarının qorunması baxımından bu nəzarət Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən təmin olunur.