Oymaçı: Ani bir diqqətsizlik bütün zəhməti hədər edə bilər - REPORTAJ
Lənkəran, 29 fevral, İlkin Adıyev, AZƏRTAC
Bədii oyma dekorativ-tətbiqi sənətin ən qədim və geniş yayılmış növlərindən biridir. Adətən daş, ağac, sümük və başqa materiallardan istifadə olunur. Bu sənət növü müasir dövrdə də yaşadılır, inkişaf etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sənəti yaşadanlardan biri də Lənkəran şəhər sakini Samir Həbibovdur. O, 10 ilə yaxındır bədii oyma ilə məşğul olur.
Samir ustanın sözlərinə görə, ağaclarla işləmək, onlardan hər hansı bir sənət nümunəsi ərsəyə gətirmək elə də asan deyil. Necə deyərlər, yüz ölçüb, bir biçməlisən, ani bir diqqətsizlik bütün zəhməti hədər edə bilər.
Lənkəranlı usta dünyaya göz açandan evdə atasının bədii oyma ilə məşğul olduğunu görüb. Elə uşaqlıqdan da bu sənətə həvəsi yaranıb. Beləcə bu işin bütün sirlərini atasından öyrənməyə başlayıb. Əvvəl hobbi kimi xırda suvenirlər düzəltsə də sonradan yavaş-yavaş mürəkkəb əl işləri də ərsəyə gətirib.
Samir usta deyir ki, bir əl işinin hazırlanma prosesində ən mühüm amil ağacın seçilməsidir. “Mən özüm əsasən qoz ağacına üstünlük verirəm. Materialı möhkəm olduğu üçün işləmək rahatdır. Musiqiyə həvəsim olduğuna görə evimizdə həmişə tar olub. Ona görə də əl işlərimdə əsasən tar, kaman, qaval və digər musiqi alətlərinin kiçik fiqurlarını hazırlayıram. Çətin işdir, vaxt aparandır, amma maraqlıdır” , - deyə oymaçı bildirib.
Onun əl işlərində müasirliklə qədimiliyin harmoniyası var. “Qız qalası” və “Alov qüllələri” əl işləri də bunu deməyə əsas verir.
Oyma sənətinin incəliklərindən söhbət açan S.Həbibov deyib: “Ümumiyyətlə, bədii oyma sənəti çətin sənətdir və insandan istedad, təmkin, böyük zəhmət, dəqiqlik, incəlik tələb edir. Xüsusilə də rəssamlığı bacarmalısan. Bəzən elə sifarişlər olur ki, orada milli ornamentlər - “buta”, “xətai” və Azərbaycan xalçalarının üzərində olan naxışlardan da istifadə etməlisən. Ümumiyyətlə əl işlərimdə boyadan istifadə etmirəm. Çalışıram ki, hazırladığım fiqur təbii rəngində olsun. Əl işlərimi adətən ölçüsündən asılı olaraq 10 gün ərzində ərsəyə gətirirəm”.
İldən-ilə zövqlər dəyişsə də, Samir usta tələbatdan narazı deyil. Sifariş edilən əl işləri müxtəlif olduğundan, qiymətləri də fərqlidir. Satışlarını fərdi və əsasən “ABAD”la (Ailə Biznesinə Asan Dəstək) həyata keçirir.
“ABAD” çox maraqlı layihədir. Burada gələcəyimi parlaq görürəm. Həm dekorativ-tətbiqi sənətdə milli ənənələrimizi qoruyub önə çəkir, həm biz sənətkarları da qurub yaratmağa təşviq edir”. “ABAD”ın dəstəyi ilə vətəndaşlarımıza münasib qiymətə gözəl əl işləri təqdim etmək mümkündür. Qiymətlər isə 12 manatdan 100 manatadək olur. İşimin çətinliyinə baxmayaraq, onu genişləndirmək fikrindəyəm. Xüsusi emalatxana açmaq, daha sonra əl işlərimin xarici ölkələrdə də satışını təşkil etmək istəyirəm”, - deyə lənkəranlı usta əlavə edib.