SİYASƏT
ÖZBƏKİSTANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Özbəkistanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Özbəkistanın Azərbaycandakı səfiri Əbdüqafur Əbdürəhmanov çıxış edərək dedi ki, 1991-ci il avqustun 31-də Özbəkistan Respublikasının müstəqilliyi elan olunmuşdur. Müstəqilliyin ilk günlərindən ölkə demokratik, hüquqi dövlət quruculuğu yolu ilə ardıcıl surətdə irəliləyir. Bu illər ərzində Özbəkistan dünya birliyinin tamhüquqlü üzvü olmuşdur. Səfir vurğuladı ki, strateji xarakter daşıyan Özbəkistan-Azərbaycan əlaqələri onun ölkəsinin beynəlxalq münasibətlərində xüsusi yer tutur. Şübhəsiz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsində, ona dinamizm verilməsində dövlət başçılarının – şəxsi dostluq və qarşılıqlı hörmət telləri ilə bağlı olan İslam Kərimovun və Heydər Əliyevin böyük xidmətləri var.
Sonra çıxış edən Milli Məclisin sədri Murtuz Ələsgərov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adından özbək xalqını ölkənin müstəqilliyinin 12-ci ildönümü münasibətilə ürəkdən təbrik etdi. O dedi ki, Azərbaycan və özbək xalqlarının kökləri birdir. Özbəkistan müstəqillik illərində böyük uğurlar qazanmışdır. Bu qardaş dövlət Mərkəzi Asiyada mühüm yer tutur, çox böyük iqtisadi potensiala malikdir. Özbək xalqının qədim və zəngin tarixi, mədəniyyəti, ədəbiyyatı var. Azərbaycan və Özbəkistan Böyük İpək yolunun bərpasında mühüm uğurlar qazanmışlar.
Qəbulda Milli Məclis sədrinin müavinləri, nazirlər, xarici ölkələrin səfirləri, digər rəsmi şəxslər iştirak edirlər.