SİYASƏT
Pakistanın Bəlucistan əyalətinin Baş naziri Azərbaycanın İslamabaddakı səfirliyində olmuşdur
![Pakistanın Bəlucistan əyalətinin Baş naziri Azərbaycanın İslamabaddakı səfirliyində olmuşdur](/files/2013/3/1200x630/14071451552787636048_1200x630.jpg)
Bakı, 25 noyabr (AZƏRTAC). Pakistanın Bəlucistan əyalətinin Baş naziri Abdul Malik Bəluc Azərbaycanın İslamabaddakı səfirliyində olmuşdur. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilmişdir.
Səfir Daşqın Şikarov Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafından danışmışdır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın rəsmi Bakıya verdiyi dəstəyə görə təşəkkürünü bildirmiş, Azərbaycanın da daim Pakistanın yanında olduğunu söylənişdir.
Baş nazir A.M.Bəluc III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini bildirmiş, yüksək səviyyədə təşkil olunmuş bu tədbirin əhəmiyyətini vurğulamışdır. Baş nazir Azərbaycanın qazandığı uğurların, qeyri-neft sektorunun inkişafının və xalqımızın qonaqpərvərliyinin onu heyran etdiyini bildirmişdir.
A.M.Bəluc Azərbaycan ilə Pakistan arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulamışdır. O, Bəlucistanda gedən proseslərdən, Avaran bölgəsində baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində əyalət və federal hökumət tərəfindən görülən işlər barədə məlumat vermiş, zəlzələdən dərhal sonra rəsmi Bakının yardım təklifini yüksək qiymətləndirərək qardaş Azərbaycana təşəkkürünü bildirmişdir.
Bəlucistan hökumətinin başçısı Qurban bayramında zəlzələ bölgəsində qurbanlıqların kəsilərək təbii fəlakətdən zərər çəkmiş insanlara paylanmasında göstərdiyi dəstəyə, həmçinin 2012-ci ildə əyalətin Kvetta və Zob şəhərlərində həyata keçirdiyi humanitar layihələrə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.