Pakistanın federal müvəkkili Azərbaycanda insan hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıb
İslamabad, 25 aprel, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin qadınların təcavüz hallarından müdafiəsi üzrə yeni təyin olunmuş federal müvəkkili Kaşmala Tariq ilə görüşüb. Səfir Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin fəaliyyəti, insan hüquqları sahəsində görülən maarifləndirmə işləri, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində aparılan islahatlar, qəbul olunmuş və həyata keçirilən dövlət proqramları haqqında məlumat verib. Azərbaycan ərazisinin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulduğunu, lakin özlərini insan hüquqları sahəsində qabaqcıl hesab edən bir çox aparıcı xarici təşkilatların və dövlətlərin bu cür hallara laqeyd yanaşdığını, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası və təmininin vacib amil olduğunu bildirən səfir Pakistanın Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini söyləyib və buna görə müvəkkilə təşəkkür edib.
Kaşmala Tariq qadınların hüquq və azadlıqlarının təmin olunması sahəsində Pakistanda həyata keçirilən işlər haqqında məlumat verərək, ədalətsiz münaqişələr nəticəsində kütləvi əziyyət çəkən insanların hüquqlarının bərpasının daha vacib olduğunu və ikili yanaşmalar nəticəsində bunun uzun zaman çəkməsinin təəssüfverici olduğunu qeyd edib. Müvəkkil Azərbaycanın inkişafı ilə bağlı əldə etdiyi məlumatlardan məmnun qaldığını, Azərbaycan Respublikasının Ombudsman təsisatı, eləcə də Azərbaycan səfirliyi ilə sıx işləməkdə maraqlı olduğunu və fəaliyyəti dövründə əlaqələrin daha da genişlənməsində səylərin artırılacağını vurğulayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad