SİYASƏT
Pakistanın yüksək səviyyəli vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş 99-cu milli idarəetmə kursunun iştirakçıları ilə görüş keçirilmişdir
Bakı, 25 noyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Pakistanın yüksək səviyyəli vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş 99-cu milli idarəetmə kursunun iştirakçıları ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, milli idarəetmə kursu Pakistanın dövlət qulluğunda çalışan yüksək vəzifəli rəsmi şəxslərin regional və qlobal məsələlər barədə biliklərinin və qərar qəbuletmə qabiliyyətlərinin artırılması üçün nəzərdə tutulmuşdur.
Nazir müavini Azərbaycan-Pakistan siyasi əlaqələrinin yüksək inkişaf səviyyəsinə, dərin tarixi və mədəni-dini köklərə malik olduğunu qeyd etmiş, rəsmi İslamabadın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulamışdır.
İkitərəfli və çoxtərəfli əsasda və parlamentlərarası əlaqələr səviyyəsində Azərbaycan-Pakistan əməkdaşlığının uğurla inkişaf etdiyini deyən X.Xələfov Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəklədiyinə və parlamentdə Xocalı soyqırımının tanınması ilə əlaqədar qətnamə qəbul etdiyinə görə Pakistan tərəfinə təşəkkürünü çatdırmışdır.
Nazir müavini Azərbaycan-Pakistan əlaqələrinin əhatə dairəsinin geniş olmasının və bu əlaqələrin siyasi, iqtisadi, hərbi, təhlükəsizlik, ticari, elmi, mədəni sahələrə sirayət etməsinin məmnunluq doğurduğunu qeyd etmiş və qarşılıqlı səylərlə Azərbaycan-Pakistan hökumətlərarası birgə əməkdaşlıq komissiyasının imkanlarından fəal istifadə edərək əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə Xələf Xələfov Azərbaycanın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının təməl prinsipləri və prioritet istiqamətləri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun doğurduğu fəsadlar, münaqişənin həlli üzrə danışıqlar prosesi, ölkəmizin qlobal və regional siyasətdə oynadığı rol, enerji siyasəti və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülh və təhlükəsizliyə, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfələri barədə ətraflı danışmış və kurs iştirakçılarının suallarını cavablandırmışdır.