Pambıqçılıq bundan sonra məhsuldarlığın artırılması hesabına inkişaf etməlidir
Bakı, 9 aprel, AZƏRTAC
Son illərdə pambıqçılıqla bağlı görülən işlər bu sahənin bərpasına, dirçəlməsinə gətirib çıxarıb. Bir neçə dəfə zona müşavirələri keçirilib və burada əsas məsələ işsizliyin aradan qaldırılmasıdır. Pambıqçılıqda 200 minə yaxın insan, yəni, bu günə qədər işsiz olan insan işlə təmin edilib. Biz satınalma qiymətini artıraraq tarlalarda işləyənlərin rifah halını yaxşılaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, əgər pambıqçılığa güclü təkan verilməsəydi, Mingəçevir Yüngül Sənaye Parkının yaradılmasına da ehtiyac qalmayacaqdı. “Çünki indi xaricdən pambıq alıb burada emal etmək heç bir iqtisadi səmərəyə uyğun gəlmir. Ona görə, pambıqçılığın inkişafı, ilk növbədə, sosial məsələdir, sosial təşəbbüsdür və tədarükçü şirkətlər, fermerlər, yerli icra orqanlarının nümayəndələri bunu bilsinlər ki, pambıqçılıq həm də yerli istehsala təkan verir, ixracı artırır. Biz keçən il 207 min ton pambıq tədarük etmişik, 2015-ci ildə isə cəmi 35 min ton. Mən sonuncu müşavirədə də demişəm, pambıqçılıq bundan sonra da ancaq məhsuldarlığın artırılması hesabına inkişaf etməlidir”, - deyə Prezident İlham Əliyev bildirib.