SİYASƏT
Panamada BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv dövlətlərin V konfransı keçiriləcəkdir
Bakı, 25 noyabr (AZƏRTAC). Noyabrın 25-dən 29-dək Panamada BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv dövlətlərin V konfransı və Parlamentlərin Korrupsiya əleyhinə Qlobal Təşkilatının (GOPAC) növbəti toplantısı keçiriləcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, deputat Bəxtiyar Əliyev tədbirlərdə iştirak edəcəkdir.
Dünyanın bir sıra aparıcı ölkələrinin mütəxəssislərinin dəvət olunduqları bu toplantılarda BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının tətbiqinin nəzərdən keçirilməsi, bu sahədə parlamentlərin rolu, əməkdaşlıq məsələləri, korrupsiyaya qarşı mübarizə və bu sahədə görülən işlər barədə fikir mübadiləsi aparılacaqdır.
İclaslarda deputat Bəxtiyar Əliyev Azərbaycanda korrupsiya əleyhinə mübarizə sahəsində görülən tədbirlər haqqında məlumat verəcəkdir.