İDMAN
“Pari Sen-Jermen” Devid Bekhemlə müqavilə imzaladığını elan etmişdir
Bakı, 1 fevral (AZƏRTAC). Dünya futbolunun sönməkdə olan ulduzu Devid Bekhem karyerasını “Pari-Sen Jermen” (PSJ) klubunda davam etdirmək qərarına gəlmişdir. O, klubla indiki mövsümün sonunadək 5 aylıq müqavilə imzalamışdır. Azad agent statusu olan futbolçu parislilərə havayı başa gəlmişdir.
Üstəlik, Devid qazandığı bütün pulları uşaqlara yardım fonduna köçürməyi qərara almışdır.
O demişdir: “Mən Parisi seçdim, çünki bu klubun böyük planları olduğunu və hansı futbolçuları dəvət etdiyini görürəm. Növbəti 15-20 ildə “PSJ”ni çoxlu böyük qələbələr gözləyir. Sürətlə inkişaf edən layihənin bir hissəsi olmaq çox maraqlıdır. Mən bu layihədə iştirak edəcəyimə görə qürur duyuram”.
“Los-Anceles Geleksi” klubdan ötən ilin dekabrında ayrılan 37 yaşlı Bekhem özünə yeni klub tapmışdır. Ulduz futbolçu son vaxtlara qədər Londonun “Arsenal” klubu ilə məşq edirdi.
O, “PSJ”-də hələ 2009-cu ildə icarə əsasında “Milan” klubunda çıxış etdiyi zaman qarşılaşdığı Karlo Ançelottinin rəhbərliyi altında çalışacaqdır.
Bekhemin ulduz karyerası “Mançester Yunayted” klubunda başlanmışdır. O, “Mançester Yunayted”lə altı dəfə Premyer-liqanın oyunlarını udmuş, iki dəfə İngiltərə Kuboku və UEFA-nın Çempionlar liqasının yarışlarında qalib gəlmiş, 2003-cü ildə “Real” klubuna keçərək madridlilərin İspaniya Primerasının çempionu titulunu qazanmalarına kömək etmişdir. Sonra okeanın o tayına gedərək “Los-Anceles Geleksi” klubu ilə birlikdə iki dəfə ABŞ çempionatının qalibi olmuşdur.
“PSJ” klubu 22 turdan sonra Fransa çempionatına liderlik edir və Çempionlar liqasının yaz mərhələsinə çıxmışdır. O, 1/8 finalda İspaniyanın “Valensiya” klubu ilə qarşılaşacaqdır. Son zamanlar kluba Qətər şeyxləri sahiblik edirlər.