ELM VƏ TƏHSİL
Parisdə həftə sonu Azərbaycan dili dərsləri təşkil edilmişdir
Paris, 18 mart (AZƏRTAC). Parisdə fəaliyyət göstərən “ Azərbaycan Evi” uzun illərdən bəri həyata keçirilməsi arzu olunan mühüm layihələrdən birini həyata keçirə bilmişdir.
Qurumun təşkilatçılığı ilə martın 17-də Parisdəki Azərbaycan Mədəniyyəti Mərkəzində paytaxt və onun ətraf qəsəbələrində yaşayan azərbaycanlı uşaqlar üçün nəzərdə tutulan Azərbaycan dili dərslərinin ilk məşğələsi keçirilmişdir.
“Azərbaycan Evi“nin sədri Mirvari Fətəliyeva uşaqları və onların valideynlərini salamlamış, Azərbaycan dili dərslərinin gedişi haqqında məlumat vermişdir. Eyni zamanda, Fransada doğulub böyümüş azərbaycanlı uşaqların gələcəkdə milli mənsubiyyət problemlərinin yaranmaması, Vətəninin tarixinə, coğrafiyasına, mədəniyyətinə yaxından bələd olmaları üçün həftə sonu dərslərin xüsusi rolunu diqqətə çatdırmışdır.
Həftəsonu dərslər 4 yaşdan 13 yaşadək uşaqlar üçün nəzərdə tutulmuşdur, yaş və dil bilmə səviyyələrinə görə dərslər iki sinfə bölünmüşdür. Dərsləri “Azərbaycan Evi”nin təhsil işləri üzrə məsləhətçisi, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun (İNALCO) müəllimi Aygün Eyyubova və “Azərbaycan Evi”nin incəsənət işləri üzrə məsləhətçisi Mehri Quliyeva tədris edəcəklər.
İllik proqramda nəzərdə tutulan mövzular əsasən ölkəmiz, onun tarixi, mədəniyyəti və incəsənəti barədə mövzuları əhatə edəcəkdir.
Şagirdlərə dərslik və dərs ləvazimatları payalanmışdır.
İlk dərs Novruz bayramına həsr edilmişdir.
Şagirdlər tərəfindən böyük maraqla qarşılanan ilk dərs uğurla başa çatmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris