REGİONLAR
Payızlıq buğdanın tirəli səpin texnologiyası ilə becərilməsi yeni və mütərəqqi üsul hesab edilir
Bakı, 31 iyul (AZƏRTAC, Xalid Məmmədov). Respublikada 2015-ci ilədək tələbatı daxili istehsal hesabına tam ödəmək üçün taxılçılıqda qarşıya qoyulan hədəf hektardan məhsuldarlığı yüksəltməkdir. Bu məqsədlə vahid əkin sahəsindən yüksək məhsul alınması və taxılçılıqda elmi-texniki tərəqqidən geniş istifadə olunması ön plana çəkilməlidir.
Bu sözləri Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun beynəlxalq taxılçılıq mərkəzləri ilə əlaqələrinin genişlənməsi və təcrübə mübadiləsi bir daha onu göstərdi ki, payızlıq buğdanın tirəli səpin texnologiyası ilə becərilməsi yeni və mütərəqqi üsul hesab edilir. Payızlıq buğdanın cərgəvi səpin üsulu əsasən respublikanın suvarılan - düzən bölgələri üçün nəzərdə tutulur. Müxtəlif torpaq iqlim şəraitində aparılan təcrübələrin nəticələri göstərir ki, tirəli səpin üsulunda payızlıq buğdanın məhsuldarlığı 10-15 faiz artır və eləcə də sahədə alaq otlarının sayı azalaraq torpağın münbitliyi yüksəlir. Tirəli səpin texnologiyası Meksikada, Türkiyədə, Pakistanda, Hindistanda, İran və Çində geniş yayılıb.
C.Təlai vurğulayıb ki, 2002-2013-cü illər ərzində respublikanın suvarılan ərazilərinin əkin sahələrində tirəli üsulu ilə dənli taxıl bitkiləri səpilib və adi səpin üsulu ilə müqayisədə məhsuldarlıq 20-30 faiz, iqtisadi rentabellik səviyyəsi isə 30-40 faiz yüksək olub. Toxum normasının 40-50 faiz azalması, suvarma suyuna 25-30 faiz qənaət olunması, verilən gübrənin səmərəliliyinin artması və s. tirəli səpin texnologiyasının üstünlükləridir.
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda akademik Cəlal Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif aqroekoloji şəraitinə uyğun, quraqlığa, duza, soyuğa, xəstəlik və zərərvericilərə və yatmaya kompleks davamlı, kənd təsərrüfatı istehsalının tələblərini ödəyən intensiv tipli, daha yüksək məhsuldar və keyfiyyətli dənli taxıl sortları yaradılıb.
C.Təlai diqqətə çatdırıb ki, aparılan tədqiqatlar nəticəsində nəmliklə təmin olunmamış quraq-dəmyə şəraitində hektardan 4,5-5 ton dən məhsulu verən “Bərəkətli-95” bərk, “Qobustan”, “Ruzi-84”, və “Şəki-1” yumşaq buğda sortları yaradılıb. Azərbaycanda buğda seleksiyasının həyata keçirilməsi nəticəsində son illərdə potensial məhsuldarlığı hektara 8 tondan çox olan rayonlaşmış “Əzəmətli-95”, “Nurlu-99”, “Tale-38”, “Aran”, “Qırmızı gül-1”, “Zirvə-85”, “Murov-2”, “Fatimə”, “Mahmud-80”, “Şəfəq-2” yumşaq və “Qarabağ” bərk buğda sortları, eləcə də “Cəlilabad-19”, “Qarabağ-22”, “Baharlı”, “Qarabağ-33”, “Qüdrətli-48” arpa sortları yaradılıb. Qışa, yatmaya və xəstəliklərə davamlılıqlarına görə fərqlənən bu və digər sadalanan sortların respublikada əkin sahəsi artıq 600 min hektarı keçib.