CƏMİYYƏT
Polşa ordusunda qulluq etmiş azərbaycanlı polkovnikin qızı ilə görüş keçirilmişdir
Bakı, 16 avqust (AZƏRTAC). Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə bu ölkənin qəhrəmanlıq tarixində böyük iz qoymuş, 1924-1944-cü illərdə Polşa ordusunda qulluq etmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigarın qızı Züleyxa xanım Yadigarla görüş keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Vəli bəy Yadigarın II Dünya müharibəsində hərbi fəaliyyətindən, müharibədən sonrakı dövrdə Argentinada keçirdiyi mühacir həyatından söhbət açılmışdır. Onun həyatı ilə bağlı bir çox tarixi faktlar dəqiqləşdirilmiş, yeni məlumatlar açıqlanmışdır.
Səfir Həsən Həsənov 2012-ci ilin dekabrında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Qrudzyondz şəhərində Vəli bəy Yadigarın vaxtilə təhsil aldığı və sonradan rəhbərlik etdiyi Ali Süvari Məktəbin muzeyində kiçik xatirə guşəsinin açıldığı, məktəbin binasına xatirə lövhəsi vurulduğu barədə məlumat vermişdir.
Züleyxa xanım atası Vəli bəy Yadigarın xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə görə təşəkkürünü bildirmişdir.
Sonra Həsən Həsənov Azərbaycan və Polşa haqqında səfirlik tərəfindən polyak dilində nəşr edilmiş müxtəlif kitabları Züleyxa xanıma hədiyyə etmişdir.
Görüş iştirakçılarını Züleyxa xanımın evində gördükləri, üzərində adı əski əlifba ilə yazılmış Cavad xanın şəkli maraqlandırmışdır. Züleyxa xanım atası Vəli bəyin Azərbaycanı tərk edərkən bu şəkli özü ilə götürdüyünü və bütün mühacirət həyatı boyunca ölkədən-ölkəyə apardığını bildirmişdir.