DÜNYA
Polşanın şərq regionlarında yoluxmaların sürətli artımı növbəti dalğa üçün xəbərdarlıqdır
Varşava, 18 yanvar, AZƏRTAC
Polşanın şərq regionlarında koronavirusa yoluxma hallarının sürətlə artması ölkənin pandemiyanın beşinci dalğasının astanasında olduğunu deməyə əsas verir.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin təmsilçisi Voyçex Andrusieviç bu barədə məlumat verib. O bildirib ki, ölkə ərazisində ötən ilin payız aylarında başlayan dördüncü yoluxma dalğası hələ davam etdiyi halda bəzi regionlarda kəskin artım müşahidə olunur: "Əsasən şərq regionlarında müşahidə olunan artım narahatedicidir, çünki bu, pandemiyanın beşinci dalğasına daxil olduğumuzu göstərir".
Nazirlik rəsmisinin sözlərinə, ölkə miqyasında həftəlik artım 18 faizə bərabərdir, lakin cənub-şərqdəki Alt Karpatiya voyevodinasında (əyalətində) həftəlik artım 50 faizdir. Digər voyevodinalardan Kiçik Polşada 30 faiz, Mazoviyada 29 faiz, Lublində isə bir həftə əvvəl ilə müqayisədə infeksiyaların sayında 26 faiz artım qeydə alınıb.
Pandemiyanın başladığı 2020-ci ilin martından bəri Polşada 100 mindən çox insan koronavirus səbəbindən həyatını itirib, 3,8 milyondan çox insan isə xəstəlikdən sağalıb. Hazırda gündəlik yoluxmaların sayı 10 mindən yuxarıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava