SİYASƏT
Poltavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilmişdir
Bakı, 31 dekabr (AZƏRTAC). Bakı Slavyan Universiteti ilə saziş əsasında Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilmişdir. Mərkəzin direktoru Yaşar Alxasov AZƏRTAC-a bildirmişdir ki, tədbirdə universitetin rektoru Aleksey Nestulya, əcnəbi tələbələrlə iş üzrə dekan Yuri Dzekun müəllimlər və tələbələr iştirak etmişlər.
Tədbir iştirakçılarına bildirilmişdir ki, bu bayram ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında qeyd edilmişdir. Sonradan 31 dekabr günü rəsmən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilmişdir.
Mərkəzin direktoru bildirmişdir ki, tədbirdə azərbaycanlı və ukraynalı tələbələr Azərbaycan dilində şeirlər oxumuşlar. Universitetin rektoru A.Nestulya azərbaycanlı tələbələri təbrik etmiş, iki ölkənin gəncləri arasında dostluğun möhkəmlənməsinə, onların bir-birinə yaxınlaşmasına kömək edən bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd etmişdir.