RƏSMİ XRONİKA
PREZİDENT İLHAM ƏLİYEV YAPONİYA XARİCİ ƏLAQƏLƏR İNSTİTUTUNUN İDARƏEDİCİ DİREKTORU TOŞİYUKİ FUCİVARANI VƏ FSAS ŞİRKƏTİNİN NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da, onun üçün ayrılmış iqamətgahda Yaponiya Xarici Əlaqələr İnstitutunun idarəedici direktoru, bu ölkənin Bakıdakı keçmiş səfiri Toşiyuki Fucivaranı və FSAS şirkətinin nümayəndələrini qəbul etmişdir.
Cənab Toşiyuki Fucivara dövlətimizin başçısı ilə yenidən görüşməyindən şərəf duyduğunu söylədi. O, Prezident İlham Əliyevin Beynəlxalq Əlaqələr İnstitutundakı mühazirəsinin böyük məmnunluqla qarşılandığını bildirərək dedi ki, biz onun əhəmiyyətini nəzərə alaraq, yapon dilinə tərcümə etmişik. Mühazirənizin mətni artıq internetdə yerləşdirilib ki, bütün xalqımız Azərbaycan haqqında əsil həqiqətlər barədə dolğun məlumat əldə edə bilsin.
Prezident İlham Əliyev xoş sözlərə görə cənab Fucivaraya təşəkkür etdi və keçmiş səfir kimi onun Azərbaycanla bağlı fəaliyyətini yüksək qiymətləndirdi.
Toşiyuki Fucivara FSAS şirkətinin nümayəndələrini dövlətimizin başçısına təqdim edərək dedi ki, bu şirkətin fəaliyyəti, əsasən, kompyuter texnologiyaları ilə bağlıdır və beş min işçisi vardır. Əməkdaşlardan iki nəfəri azərbaycanlıdır və onlar da Sizi görməkdən məmnundurlar. Bu iki gənc Bakı Dövlət Universitetinin məzunlarıdır və xüsusi seçim əsasında işə qəbul olunmuşlar. Yapon dilini də yaxşı öyrənmişlər.
Azərbaycan Prezidenti şirkətin fəaliyyətini yüksək qiymətləndirdi və yeni uğurlar arzuladı.