SİYASƏT
Prezident seçkilərinin demokratikliyi və şəffaflığı Seçki Məcəlləsinin tələblərinə tam riayət olunmasından asılıdır
Şamaxı, 7 avqust (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının (MSK) 85 saylı Şamaxı seçki dairəsi dairə seçki komissiyasının (DSK) üzvləri və dairənin əhatə etdiyi 63 məntəqə seçki komissiyasının sədrləri üçün keçirdiyi seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kursların sonuncu günü yüksək səviyyədə, iştirakçıların fəallığı şəraitində başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, ixtisaslaşdırılmış kursların tədris cədvəlinə uyğun olaraq avqustun 7-də dinləyicilər qarşısında rayon prokuroru Zakir Müslümov “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün beynəlxalq təcrübəyə əsaslanan möhkəm hüquqi baza yaradıldığını diqqətə çatdırmışdır. Z.Müslümov hər bir seçki rəsmisinin məhz qanunu mükəmməl öyrənməsinin və seçki prosesində bu qanuna düzgün riayət etməsinin vacibliyini qeyd etmişdir. Bildirmişdir ki, ölkə həyatında mühüm hadisə olan prezident seçkilərinin demokratikliyi və şəffaflığı Seçki Məcəlləsinin tələblərinə tam riayət olunmasından asılıdır. Əks təqdirdə, hər hansı diqqətsizliyə, qanun pozuntusuna yol verən şəxs qanun qarşısında məsuliyyət daşıyır.
Mövzu ilə əlaqədar mövcud qanunvericiliyin əsas müddəaları ətraflı şərh edilmiş, dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Kurs çərçivəsində reallaşan “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri” mövzusunda seminarda dairə seçki komissiyasının sədri Hüseyn Rəcəbov məsələ ilə əlaqədar Seçki Məcəlləsinin müvafiq maddələrini diqqətə çatdırmış, bir sıra məsələlər ətrafında geniş şərhlər vermişdir.
86 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyasında DSK-nın üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların axırıncı günündə işgüzar fikir mübadiləsi aparılmışdır. Burada prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi, Seçki Məcəlləsinin, seçkilərlə əlaqədar müvafiq qanunların mükəmməl öyrənilməsi və bunlara dəqiq riayət edilməsi məsələlərindən danışılmışdır.
Seminarda, həmçinin seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi, məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri geniş müzakirə olunmuşdur.
87 saylı Ağsu - İsmayıllı seçki dairəsi dairə seçki komissiyasında üçgünlük ixtisaslaşdırılmış kursların sonuncu günündə prezident seçkilərinə hazırlıq, seçkilərin tam demokratik və şəffaf keçirilməsi, bu işdə seçki rəsmilərinin məsuliyyəti, qarşıda duran konkret vəzifələr və sair məsələlər geniş müzakirə olunmuşdur.
Avqustun 7-də 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi dairə seçki komissiyasında DSK-nın üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda iştirakçılara prezident seçkilərinə hazırlıq, seçkilərin demokratik və şəffaf keçirilməsi sahəsində konkret vəzifələr barədə ətraflı bilgilər verilmişdir.
57 saylı Kürdəmir, 91 saylı Ucar və 92 saylı Zərdab - Ucar seçki dairələri dairə seçki komissiyalarında da seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar səmərəli fikir mübadiləsi şəraitində başa çatmışdır.