Prezidentin Sərəncamı Aqrar Universitetin kollektivi tərəfindən sevinclə qarşılanıb
Gəncə, 2 fevral, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyev fevralın 1-də “Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) infrastrukturunun təkmilləşdirilməsini, maddi-texniki bazasının zənginləşdirilməsini, eləcə də qocaman ali təhsil müəssisəsinin müasir inkişafını nəzərdə tutan Sərəncam universitetin professor-müəllim və tələbələri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Sərəncamla əlaqədar keçirilən toplantıda ADAU rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Aqrar Universitetin yeni tədris korpusunun tikintisi və təchizatı üçün Kənd Təsərrüfatı Nazirliyinə 14 milyon 245 min manat vəsait ayrılıb.
Rektor əlavə edib ki, indi Azərbaycanın hər bir bölgəsi gözəlləşir, abadlaşır, müasirləşir, dünyanın ən inkişaf etmiş, sabit diyarlarından birinə çevrilir. Həmçinin ölkəmizdəki bütün təhsil müəssisələri müasirləşdirilir, inkişaf etdirilir. Bu kontekstdə Aqrar Universitetin inkişafı bir nümunədir. Təkcə 2016-2017-ci illərdə universitet üçün 2 yeddimərtəbəli, hər birində 514 tələbənin yaşadığı tələbə evinin tikintisi və istifadəyə verilməsi ölkə rəhbərinin bu sahəyə ən böyük töhfəsidir.
İbrahim Cəfərov deyib: “Xoşbəxtlik ondadır ki, hər iki tələbə evinin açılışında dövlətimizin başçısı iştirak edib. Bu il yeni bir texniki peşə məktəbinin də tikintisi üçün vəsait ayrılıb. Son illər dövlət rəhbərinin göstərişlərinə uyğun müasir bir universitetin qurulması faktdır. Bu gün Aqrar Universitet nəinki MDB məkanında, eləcə də Şərqi Avropada elmin və təhsilin bütün sahələrində irəlidə duran universitetlərdən biridir”.
Professor-müəllim və tələbə heyətinin nümayəndələri çıxış edərək universitetə göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda dövlətimizin başçısına müraciət qəbul olunub.