Professor Adil Əliyev: Azərbaycanın palçıq vulkanlarını ən müasir cihazlarla tədqiq edirik
Bakı, 2 sentyabr, AZƏRTAC
1981-1985-ci illərdə tibb elmləri doktoru Fəridə Əfəndiyeva ilə birgə apardığımız elmi tədqiqatlara əsasən, vulkan palçığı Azərbaycan Səhiyyə Nazirliyinin sərəncamı ilə Bakının 15 poliklinikasında və bəzi pansionatlarda müalicə üçün istifadə olunub. Qeyd edim ki, əvvəllər Masazır gölünün palçığı bu məqsədlə işlənirdi. 1983-cü ildə sönmüş sualtı palçıq vulkanları axtarışı üsulunun metodikası işlənilib və 1985-ci ildə Xəzərin kəşfiyyat sahələrində uğurla tətbiq edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu görkəmli neftçi-geoloq, geokimyaçı və vulkanoloq, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri professor Adil Əliyev deyib. Ötən illər ərzində bir sıra beynəlxalq elmi layihələrə, ekspedisiyalara rəhbərlik edən alim Azərbaycanın palçıq vulkanlarının öyrənilməsi ilə bağlı dünyanın qabaqcıl elmi mərkəzləri ilə əlaqələrdən danışıb: “1990-cı illərdən başlayaraq mənimlə bir yerdə institutumuzun bir qrup əməkdaşı Böyük Britaniyanın, Norveçin, ABŞ-ın, BP və “Statoil” (1992-1993), “Geochem qrup” (1994), “Amoco” və “Exxon” (1998) aparıcı neft şirkətlərinin alim və mütəxəssisləri ilə birgə Azərbaycanın palçıq vulkanları və neft-qaz geologiyasının problemləri ilə bağlı elmi tədqiqatlar aparıb. Bu istiqamətdə mühüm elmi nəticələr əldə olunub, onlardan birini qeyd etmək istərdim. İlk dəfə vulkanların yer səthinə çıxardığı neftin dərinliklə əlaqəsi müəyyən edilib və onun tərkibi ətraflı öyrənilib”.
Alim bildirib ki, 2001-ci ildə BP şirkəti ilə tədqiqatlar davam etdirilib. Bundan başqa, İtaliya (2006) və Almaniya (2007-2009) mütəxəssisləri ilə Qobustanın aktiv fəaliyyətli Daşgil vulkanında monitorinq işləri təşkil olunub, distansion zondlama sisteminin köməyi ilə metan qazının atmosferə çıxarılması (İtaliya), real fakt miqyasında vulkanın aktivləşməsi (Almaniya) məsələləri müəyyən edilib. 2010-cu ildən xarici ölkələrlə beynəlxalq elmi əlaqələr bir qədər də genişlənib, palçıq vulkanizmi problemi üzrə Rusiya, Ukrayna, Fransa alimləri ilə birgə müxtəlif istiqamətlərdə tədqiqatlar aparılıb.
Rusiya Elmlər Akademiyasının Geoloji İnstitutu ilə “Müasir geodinamika, flüid rejimi və Qafqazın neft-qazlılığı” mövzusunda, Ukrayna Milli Elmlər Akademiyasının Dəniz Geologiyası, Geoekologiya və Çökmə Filiz Əmələgəlmə Problemləri Mərkəzi ilə “Qara, Aralıq və Xəzər dənizlərinin palçıq vulkanlarının müqayisəli təhlili” mövzusunda tədqiqatlar aparılıb, həmçinin fransalı geofiziklərlə Azərbaycanın müxtəlif formologiyalı iri palçıq vulkanlarının geoloji, fiziki-kimyəvi amillərin təsirindən formalaşması məsələləri öyrənilib.
Bu istiqamətdə işlər hazırda Ukrayna alimləri ilə birgə davam etdirilməkdədir. 2018-ci ildən biz onlarla Azərbaycanın palçıq vulkanlarının fosil minerallarını və son 4 ildə sopka brekçiyasının (vulkanın çıxardığı palçıq) aksessor minerallaşmasını ən müasir cihazlarla tədqiq edirik. Bu tədqiqatlar Azərbaycanda ilk dəfə aparılıb və yeni istiqamət üzrə mühüm elmi nəticələr əldə edilib.
Qeyd edək ki, Adil Əliyev 300-dən çox elmi əsərin, o cümlədən 15 kitabın müəllifidir. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunub, xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapıb. Son illər ərzində professorun rəhbərliyi ilə 10-dan çox elmlər və fəlsəfə doktoru hazırlanıb.
Alimin rəhbərliyi ilə Elmin İnkişafı Fondu xətti üzrə dəyəri 1 milyon manat məbləğində olan “Azərbaycan nefti” adlı 2 illik pilot qrant layihəsi alınıb. Onun rəhbərlik etdiyi Palçıq vulkanizmi şöbəsi tərəfindən “Turizm İli” ilə əlaqədar “Azərbaycanın palçıq vulkanları” adlı bələdçi kitabçası, buklet və 3 turist marşrutu üçün palçıq vulkanlarının pasportları hazırlanıb.
Yorulmaz iş qabiliyyəti, hüdudsuz erudisiyası və yüksək insani keyfiyyətləri ona həmkarlarının və davamçılarının təqdirəlayiq və tükənməz hörmətini qazandırıb. Görkəmli alimin elmi və ictimai fəaliyyəti dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. O, 2005-ci ildə "Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət mükafatına, 2018-ci ildə “Şöhrət” ordeninə layiq görülüb, eləcə də bir sıra medal, diplom və fəxri fərmanlarla təltif edilib.