Professor: “Türk dillərinin tibbi terminoloji lüğətləri” elmi əməkdaşlıqda tarixi addımdır
Bakı, 12 may, AZƏRTAC
“Türk dillərinin tibbi terminoloji lüğətləri” nəşri Türk dünyasının elmi və tibbi əməkdaşlığı baxımından mühüm və tarixi hadisə kimi dəyərləndirilir. İlk dəfə olaraq müxtəlif türk dillərində tibbi terminlər geniş izahlarla birlikdə sistemli şəkildə bir araya gətirilib.
Məlumdur ki, türk dövlətlərində bəzi tibbi terminlər fərqli şəkildə səslənsə də, əsas məqsəd türkdilli ölkələr arasında xüsusilə elm və tibb sahəsində daha sıx əməkdaşlığın qurulması, ortaq elmi platformanın formalaşdırılması və qarşılıqlı anlaşmanın gücləndirilməsidir. Bu əməkdaşlığın vacib şərtlərindən biri də ortaq terminoloji bazanın yaradılması və birgə layihələrin həyata keçirilməsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri tibb elmləri doktoru, professor Çingiz Rəhimov bildirib.
Professorun sözlərinə görə, lüğət həm Azərbaycan dilinin tibbi terminologiya baxımından zənginləşməsinə xidmət edir, həm də türk dilləri arasında elmi yaxınlığın və inteqrasiyanın möhkəmləndiyini göstərir.
O qeyd edib ki, müxtəlif ölkələrdə tibbi terminoloji lüğətlər ayrıca nəşr olunsa da, bu layihə türk dillərinin ortaq elmi müstəvidə birləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda stomatologiya sahəsi üzrə izahlı Azərbaycan–ingilis–rus dillərində lüğətin də hazırlandığını diqqətə çatdıran professor bildirib ki, layihənin ərsəyə gəlməsində geniş müəllif heyəti iştirak edib: “Bu işin hazırlanmasında böyük müəllif qrupu fəaliyyət göstərib. Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AMEA-nın müxbir üzvü Nuru Bayramov və mən birlikdə Azərbaycan dilində tibbi terminlərin sistemləşdirilməsi üzərində çalışmışıq. Ümumilikdə lüğətə 8 minə yaxın tibbi termin daxil edilib. Terminlər əsasən ingilis dilində təqdim olunub. Bunun əsas səbəbi müasir tibbi ədəbiyyatın 90 faizdən çoxunun ingilis dilində nəşr edilməsidir. Ən son elmi nailiyyətlər də beynəlxalq jurnallarda məhz bu dildə yayımlanır”, – deyə Çingiz Rəhimov vurğulayıb.
Professor əlavə edib ki, türk ölkələrinin mütəxəssislərinin dünya tibb elmindəki yenilikləri yaxından izləməsi üçün etibarlı və sistemli terminoloji mənbələrin hazırlanması olduqca vacibdir. Təqdim olunan lüğət də məhz bu ehtiyacın qarşılanmasına xidmət edir.