Qabonlu nazir: Azərbaycan mənzil və urbanizasiya sahəsində inkişafa dəstək göstərir
Bakı, 17 may, AZƏRTAC
Bu forum önəmlidir, çünki ölkələrimizdə urbanizasiya problemini müzakirə etməyə imkan yaradır. Mən xüsusi bir ölkədən — Qabondan gəlirəm və orada urbanizasiya məsələsi əhalinin narahatlığının mərkəzində duran əsas mövzulardan biridir.
Bu fikirləri Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a məxsusi açıqlamasında Qabonun mənzil, yaşayış məntəqələri, şəhərsalma və torpaq reyestri naziri Mays Mouissi bildirib.
“Buraya həm həll yolları axtarmağa, həm də öz ölkəmizdə idarəolunan urbanizasiya və əhalinin mənzil problemlərinin daha yaxşı nəzərə alınması istiqamətində gördüyümüz işləri təqdim etməyə gəlmişik. Düşünürəm ki, Azərbaycan bu sahədə irəliləyiş əldə edib və belə bir foruma ev sahibliyi etməklə mənzil və urbanizasiya sahəsində inkişaf hərəkatını dəstəkləmək iradəsini nümayiş etdirir. Biz bunu yüksək qiymətləndiririk”, - deyə müsahibimiz qeyd edib.
Müxbirlər - Nailə Həsənova, Aytən Abbaslı