Qafqazşünaslıq İnstitutu fəaliyyətini uğurla davam etdirir
Bakı, 14 aprel, AZƏRTAC
AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşları ölkədə müəyyən edilmiş karantin rejiminin tələblərinə ciddi riayət edərək, öz fəaliyyətlərini onlayn rejimdə davam etdirirlər. İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı əməkdaşlarla mütəmadi şəkildə onlayn əlaqə saxlayaraq tapşırıq və tövsiyələrini verir.
Bu barədə AZƏRTAC-a Qafqazşünaslıq İnstitutundan məlumat verilib.
Bildirilib ki, karantin müddətində institutun əməkdaşları məqalələr hazırlayaraq müxtəlif beynəlxalq və yerli jurnallara, beynəlxalq konfranslara göndəriblər. Həmçinin elmi şöbələr illik plan işləri və kitablar üzərində çalışırlar.
Mart ayında institutun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Ramilə Dadaşovanın Ankarada çıxan “Avrasiya incelemeleri” nəşrində “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü: hərbi əsirlərin və girovların hüquqlarının pozulması” adlı məqaləsi çap olunub. Təhsil ocağının Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevin Fransanın Paris şəhərində keçiriləcək beynəlxalq konfrans üçün göndərdiyi “Azərbaycanın maddi və mənəvi mədəniyyəti tarixindən” məqaləsi qəbul olunub.
Vurğulanıb ki, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə tərəfindən yazılmış “31 mart 1918-ci ildə Azərbaycanda nə baş verib? Hadisələr və onların nəticələri..” adlı məqaləsi Bolqarıstanın Təhlükəsizlik və İqtisadiyyat üzrə Ali Məktəbinin Qara Dəniz və Xəzər Dənizi regionunun Problemləri üzrə Mərkəzi tərəfindən bolqar dilində nəşr olunub. Sözügedən məqalə Bolqarıstanda böyük maraq doğurub. Material, həmçinin bu ölkənin aparıcı informasiya agentliklərindən olan “Focus” agentliyinin internet səhifəsində və “Azad Millət” (“Свободен народ”) onlayn xəbər portalında dərc edilib. “Focus” agentliyinin internet səhifəsinin “31 mart günü dünya tarixində” adlı bölməsində də 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə məlumat verilib. Bundan əlavə, məqalə “KırcaaliHaber” qəzetinin və www.bghaber.org portalının internet səhifələrində bolqar və türk dillərində yerləşdirilib.
Hazırda 2019-cu ildə keçirilən Qafqazşünasların İkinci Beynəlxalq Forumunun materialları nəşriyyat üçün hazırlanır. Həmçinin institutunun elektron jurnalı (www.jcs.az) fəaliyyətini davam etdirir və məqalələr toplanılır.