Qaraş Mədətov Azərbaycanın müasir tarixini öyrənən elmi məktəbin yaradıcılarından biri olub
AMEA-nın Tarix İnstitutunda görkəmli alimin 90 illik yubileyi qeyd edilib
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Qaraş Mədətovun 90 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirini açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov görkəmli alimin həyat yolu və elmi-pedaqoji fəaliyyətindən danışıb. Qeyd edib ki, Q.Mədətov Azərbaycanın müasir tarixini öyrənən elmi məktəbin yaradıcılarından biri olub. O, 1968-ci ildən ömrünün sonunadək Tarix İnstitutunun Azərbaycanın müasir dövr tarixi şöbəsinə rəhbərlik edib. Alimin namizədlik dissertasiyası müasir Azərbaycan tarixşünaslığında Naxçıvan bölgəsinin tarixi ilə bağlı köklü məsələlərin elmi cəhətdən öyrənilməsi və ümumiləşdirilməsi baxımından ilk sanballı əsər olub. Q.Mədətovun elmi fəaliyyətində əsas yeri “Azərbaycan Böyük Vətən müharibəsində” mövzusu tutsa da, o, bütövlükdə ölkə tarixinin aktual problemlərinə münasibət bildirib, qiymətli kitab və məqalələri ilə tanınıb. Görkəmli alim tarix elmimizi respublika sərhədlərindən kənarda da layiqincə təmsil edib, onun təbliği sahəsində böyük iş aparıb. Q.Mədətovun əsərləri Moskva, Kiyev, Minsk, Tbilisi, Riqa və başqa şəhərlərdə nəşr olunub.
Tədbirdə tarixçi alimlər Ədalət Qasımov və Cəbi Bəhramovun məruzələri dinlənilib.
Akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Nizami Xudiyev, Vəli Əliyev, professor Rəhilə Quliyeva və başqaları Q.Mədətovun Azərbaycan tarix elminə verdiyi töhfələrdən bəhs ediblər.
Qeyd olunub ki, Azərbaycan tarixinin tədqiqi və təbliği sahəsində böyük xidmətlərinə görə Q.Mədətov 1983-cü ildə AMEA-nın müxbir üzvü seçilib, 1990-cı ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Tədbirdə Q.Mədətovun “Azərbaycan Böyük Vətən müharibəsi illərində” monoqrafiyasının yenidən işlənmiş və təkmilləşdirilmiş nəşrinin təqdimatı keçirilib. Yeni nəşr “Azərbaycan SSR 1941-1945-ci illər müharibəsində” adlanır. Kitab Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Layihənin rəhbəri akademik Yaqub Mahmudov, nəşrin elmi redaktorları isə tarixçi alimlər Cəbi Bəhramov və Elmar Məhərrəmovdur.
Sonra görkəmli alimin oğlu Tofiq Mədətov atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına ailəsi adından minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçıları Q.Mədətovun elmi-pedaqoji fəaliyyətini əks etdirən kitablar və monoqrafiyalardan ibarət sərgiyə baxıblar.