Qax rayonunun İlisu və Sarıbaş kəndlərində qarın qalınlığı 15-20 santimetrə çatır
Qax, 28 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Dekabrın 27-si gecə saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsinin dağlıq və dağətəyi ərazilərinə qar yağıb. Havanın temperaturu aşağı düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarın yağması bölgənin dağlıq ərazilərində yerləşən kəndlərə gediş-gəlişdə, elektrik enerjisi və təbii qazın verilməsində heç bir problem yaratmayıb.
Qax rayonunun dağlıq ərazilərinə daha çox qar düşüb. Hazırda İlisu və Sarıbaş kəndlərində qarın qalınlığı 15-20 santimetr təşkil edir. Rayonun kəndlərinə nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən lazımi tədbirlər görülüb.
Hazırda bölgənin dağlıq ərazilərinə qar yağmaqda davam edir.