Qax rayonunun sakinləri Yeni ilin gəlişini böyük coşqu ilə qarşılayırlar
Qax, 28 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Yola saldığımız 2018-ci il xalqımız üçün uğurlu və yaddaqalan olub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində paytaxt Bakı şəhəri ilə yanaşı, ölkənin bütün regionlarının, o cümlədən Qax rayonunun sosial-iqtisadi və mədəni həyatında böyük dəyişikliklər baş verib, əhalinin sosial rifahı daha da yaxşılaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə dekabrın 28-də Qax şəhərinin mərkəzindəki meydanda keçirilən ümumrayon bayram şənliyində səsləndirilib.
Meydanın mərkəzində qurulan hündür Yolka ağacının ətrafında keçirilən tədbirdə qeyd edilib ki, yola saldığımız il Qax rayonunun da həyatında əlamətdar hadisələrlə zəngin olub. 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qaxa növbəti səfərini gerçəkləşdirib, bir sıra obyektlərin açılışında iştirak edib.
Yeni ilin personajları olan Şaxta baba və Qar qızın şənliyə gəlişi hamının, xüsusilə də uşaqların böyük sevincinə səbəb olub. Şaxta baba şənlik iştirakçılarına Yeni il arzularını çatdırıb, uşaqları bayram hədiyyələri ilə sevindirib.
Bayram şənliyi rayonun musiqi və rəqs kollektivlərinin rəngarəng konsert proqramı ilə başa çatıb.