REGİONLAR
Qaxın “Kürmük” komandası Topaz Futbol Festivalının regional turnirinin qalibi olub
![](/files/galleryphoto/2019/2/1200x630/1561966627301115472_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/1561966627426193699_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15619666274194244970_1200x630.jpg)
Qax, 1 iyul, Mustafa Dadaşov, AZƏRTAC
“Topaz Futbol Festivalı-2019” çərçivəsində Qax Olimpiya İdman Kompleksində keçirilən mini futbol üzrə regional turnirə yekun vurulub. Turnirdə Qax, Şəki, Zaqatala və Balakən rayonlarını təmsil edən 8 komanda mübarizə aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin açılış mərasimində Qax Rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov, idman kompleksinin direktoru Rasim Məmmədov və turnirin təşkilatçı qurumunun rəsmi nümayəndəsi çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, regionlarda futbolun kütləviliyinin təmin edilməsi baxımından belə yarışların əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, “Topaz futbol festivalı”nın keçirilməsinin məqsədi Azərbaycanda futbolun inkişafına dəstək vermək, futbol həvəskarlarının asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, paytaxtla yanaşı, bölgələrdə də mini futbolun kütləviliyini artırmaqdır. Respublikamızın 7 bölgəni əhatə edəcək festivala ümumilikdə 56 komanda, o cümlədən 672 iştirakçı və onlarla könüllü qatılacaq. Bölgə yarışlarının qalibləri sonda Bakı finalında qarşılaşacaqlar.
Çıxışlardan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Püşkatmadan sonra isə komandaların yarışına start verilib.
Turnirin final oyununda Qaxın “Kürmük” və Zaqatalanın “Yenilməz batalyon” komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 5:3 hesabı ilə Qax komandasının xeyrinə başa çatıb. Qalib komanda yarışın Bakıda keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. Şəkinin “Marxal” komandası turniri üçüncü pillədə başa vurub.
Qaliblərə diplom, medal və hədiyyələr təqdim edilib.
Tədbir çərçivəsində, həmçinin konsert və viktorinalar keçirilib. Futbola aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə olunub.
Mini futbol üzrə növbəti regional yarış iyulun 6-7-də Sumqayıtda keçiriləcək.