Qazaxda dələduzluq edən şəxslər saxlanılıblar
Bakı, 17 dekabr, AZƏRTAC
Qazax Rayon Polis Şöbəsinə müraciət edən bir qrup rayon sakini daha əvvəl tanımadıqları bir neçə nəfərin özlərini jurnalist kimi təqdim edərək “Çağdaş Təhsil” jurnalında övladları barədə məqalə və fotoşəkil dərc etdirəcəkləri barədə vəd verərək onlardan müxtəlif məbləğlərdə pul aldıqlarını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, dələduzluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri 27 yaşlı Pərviz Fərəcov, 28 yaşlı Davud Fərəcov, Hacıqabul rayon sakini 39 yaşlı Samirə Talıbova və Tərtər rayon sakini 28 yaşlı Kənan Hümbətov rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslərin işinə adı çəkilən jurnal rəhbərliyi tərəfindən bir müddət əvvəl son verilib. Lakin buna baxmayaraq, onlar özlərini “Ziyalılar” ictimai-siyasi qəzetinin əməkdaşı kimi təqdim edərək əməllərini davam etdiriblər.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər və bildiriblər ki, rayon ərazisində kirayədə yaşamaqla müxtəlif vaxtlarda ümumilikdə 54 sakin ilə saxta müqavilə bağlayaraq onlardan 20, 50, 70 manat məbləğində pul alıblar.
Həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirak etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətinə və ya Qazax Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.
Faktla bağlı araşdırmalar davam etdirilir.