Qazaxda şəhid Orxan Əliyevin xatirəsi anılıb
Qazax, 3 aprel, Famil Quliyev, AZƏRTAC
2016-cı ilin aprel ayında qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Əliyev Orxan Məhəmməd oğlunun ölümündən 2 il keçir. Şəhidin doğulub boya-başa çatdığı Qazax rayonunun Aslanbəyli kəndində xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Orxan Əliyevin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıb.
Bildirilib ki, dörd günlük müharibədə düşmən ordumuzun qüdrəti qarşısında vahiməyə düşdü. İşğalçı ermənilər bir daha əmin oldular ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir. Azərbaycan xalqı öz torpaqlarını heç zaman güzəştə getməyəcək. Aprel döyüşləri dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu bir daha nümayiş etdirdi.
Sonra Milli Məclisin deputatı Kamran Nəbizadə, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Firdovsi Umudov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal çıxış edərək şəhid Orxan Əliyevin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar.
Qeyd edilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Orxan Əliyev də heç zaman unudulmayacaq, onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Şəhidin atası Məhəmməd Əliyev şəhidlərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Sonra şəhidin ata evində ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Əliyev Orxan Məhəmməd oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Qazax şəhərinin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq abidə kompleksi inşa edilib.