QAZAXISTANIN AKTAU ŞƏHƏRİNDƏ 2-Cİ XƏZƏR İNVESTİSİYA FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın Məngistay vilayətinin mərkəzi Aktau şəhərində “Xəzər iqtisadi məkanının gücü və onun inkişaf perspektivləri” mövzusunda 2-ci investisiya forumu keçirilmişdir.
Forumda MDB, həmçinin Mərkəzi Asiya və Avropa ölkələri hökumət orqanlarının, sənaye və investisiya şirkətlərinin, yerli və xarici bankların 200-dən artıq nümayəndəsi iştirak emişdir.
Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı rəisinin 1-ci müavini Zahid Əliyev, Dövlət Xəzər Dəniz Gəmiçiliyi xarici iqtisadi əlaqələr idarəsinin rəisi İlham Məmmədov da forum iştirakçıları arasında olmuşlar.
Forumda “Xəzərin Qazaxıstan sektorunun mənimsənilməsi haqqında Dövlər Proqramının reallaşması”, “Xəzəryanı regionda nəqliyyat infrastrukturlarının inkişafı”, “Aktau dəniz limanı”, “Aktau limanının perspektivləri və “azad iqtisadi zona”, Məngistay vilayətində tikiləcək yeni şəhər “Aktau-Siti”, “Kenderli istirahət zonası” və digər layihələr təqdim olunmuşdur.
Forum çərçivəsində “Xəzər regionunun böyük iqtisadiyyata inteqrasiyasının yolları” mövzusunda dəyirmi masa da keçirilmişdir. Burada çıxış edən səfir Lətif Qəndilov ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından danışmış, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin imkanları və perspektivləri və digər layihələr haqqında məlumat vermişdir.
2006-cı ildə keçirilən 1-ci Xəzər İnvestisiya Forumundan sonra Məngistay vilayətinə, həmçinin Aktauda həyata keçirilən layihələrə təxminən 4 milyard dollar məbləğində investisiya qoyulmuşdur.