Qəbələ: 78 seçki məntəqəsində prezident seçkilərinə hazırlıq işləri başa çatdırılıb
Qəbələ, 4 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi 54 seçki məntəqəsində və 117 saylı Oğuz-Qəbələ seçki dairəsi dairə seçki komissiyasının Qəbələ rayonu ərazisində yerləşən 24 seçki məntəqəsində aparılan hazırlıq işləri başa çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün bütün seçki məntəqələri lazımi texniki avadanlıqlar və metodiki vəsaitlərlə, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, seçki qutuları və lazımi invertar avadanlıqlar gətirilərək məntəqələrə paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə səsvermə bülletenləri, protokollar, mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib.
Seçki məntəqələri prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat materialları ilə də təmin edilib. Seçicilərə səsvermənin keçirilmə vaxtı və seçki məntəqələrinin yeri barədə səsvermə bildirişləri paylanılıb. Dairə seçki komissiyası tərəfindən 601 yerli müşahidəçi qeydiyyata alınıb. Həmçinin beynəlxalq müşahidəçilər bu günlərdə Qəbələyə gələrək məntəqələrin seçkilərə hazırlıq vəziyyəti ilə tanış olublar.
116 saylı Qəbələ DSK-nın sədri Ramiz Əsədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, dəqiqləşdirilmiş son məlumata görə, 54 seçki məntəqəsi üzrə 43 min 743 seçici qeydiyyata alınıb. Onlardan 579 nəfəri yaşı 80-dən yuxarı olan seçicilərdir, 980 nəfəri isə səsvermədə ilk dəfə iştirak edəcək gənclərdir.
Ramiz Əsədov, həmçinin qeyd edib ki, prezident seçkilərinə hazırlıqla əlaqədar dairə və məntəqə seçki komissiyalarının sədr və üzvləri üçün ixtisaslaşdırılmış kurslar da təşkil olunub.