Qəbələ Beynəlxalq Qran-Pri yarışlarının dairəvi stend üzrə ilk təsnifat mərhələsi olub
Qəbələ, 11 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində keçirilən stend atıcılığı üzrə Beynəlxalq Qran-Pri yarışları davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 11-də qadın, kişi və gənclər arasında dairəvi stend yarışlarının ilk təsnifat mərhələsi keçirilib. Yarışda 9 ölkədən 35 idmançı 125 hədəfdən 75-nə atəş açıb. Mayın 12-də idmançılar bu yarışların ikinci təsnifat mərhələsi üzrə daha 50 hədəfə atəş açacaq və finalçılar məlum olacaq.
Qeyd edək ki, “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya, İran, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən 70 idmançı iştirak edir.
Azərbaycan bu mötəbər yarışda 26 idmançı ilə təmsil olunur. Gənclər arasında səngər stendi yarışında 3, dairəvi stend yarışında isə 4 idmançımız mübarizə aparır. Beynəlxalq Qran-Pri yarışlarında dünyanın tanınmış idmançıları ilə yanaşı, bizim gənc atıcıların da yarışması onların yaxşı təcrübə toplamasına imkan yaradır. Mayın 12-dək davam edəcək mötəbər yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparırlar.