REGİONLAR
Qəbələdə arıçılıqla məşğul olanların sayı xeyli artıb
![Qəbələdə arıçılıqla məşğul olanların sayı xeyli artıb](/files/2014/2/1200x630/14087125442107549564_1200x630.jpg)
Qəbələ, 7 avqust (AZƏRTAC). Qəbələ rayonunda arıçılıq sürətlə inkişaf etdirilir.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dağlıq və düzən əraziləri olan Qəbələdə iqtisadi baxımdan çox sərfəli olan arıçılıq sahəsinin inkişafı üçün gözəl şərait vardır.
Arıçılığın daha da inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan sahibkarların işinin əlaqələndirilməsi üçün Azərbaycan Arıçılar Birliyinin Qəbələ rayon şöbəsi yaradılıb. “Arıçılıq haqqında” Qanunun tələblərinə uyğun olaraq rayonda görülən səmərəli işlərin nəticəsidir ki, arı ailələrinin və bu sahə ilə məşğul olan fiziki şəxslərin sayı ildən-ilə artır. Son iki ildə rayonda 144 fiziki şəxs fərdi arıçılıq təsərrüfatı yaradıb. Həmin arıçılar 311 yeni arı ailəsi formalaşdırıb.
Hazırda arıçılıqla məşğul olan fiziki şəxslərin sayı 391-ə, arı ailələrinin sayı isə 1640-a çatıb. Peşəkar arıçılar nəinki öz təsərrüfatlarının genişləndirilməsi, habelə daha məhsuldar və yerli şəraitə uyğun cinslər hesabına arı ailələrinin yetişdirilməsi sahəsində mühüm işlər görürlər. Son bir ildə qəbələli arıçılar 11480 ton bal istehsal ediblər. Rayonun damazlıq təsərrüfatında arı ailələrinin sayının yaxın illərdə 2 dəfə artırılması nəzərdə tutulub.