REGİONLAR
Qəbələdə stolüstü tennis üzrə turnirin qalibləri müəyyənləşib
Qəbələ, 14 iyun, Mustafa Dadaşov, AZƏRTAC
İyunun 14-də Qəbələ Olimpiya İdman Kompleksində 15 iyun - Milli Qurtuluş Gününə həsr edilən kişilər arasında stolüstü tennis üzrə rayon turniri keçirilib. Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 16 idmançı mübarizə aparıb.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, turnirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, yarış iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, bayramın yaranma tarixi haqqında məlumat verib, ulu öndər Heydər Əliyevin idmanın inkişafı naminə gördüyü işlərdən danışıb. İdarə rəisi çıxışında respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmançılara dövlətimizin başçısı tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
Yekun nəticələrə əsasən, Mövlan Xəlilov turnirin qalibi adını qazanıb. Ramiz Mirkamalov və Əli Hacıyev müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Turnirin qaliblərinə rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilib.