QƏHRƏMANIN XATİRƏSİNƏ
Hər il mayın 9-u - Qələbə bayramı, həm də Sovet İttifaqı Qəhrəmanı əfsanəvi Mehdi Hüseynzadənin doğum və ölüm günü ictimaiyyətin nümayəndələri, qəhrəmanın doğmaları və yaxınları onun xatirəsini yad etmək üçün məzarı önünə toplaşırlar.
Aprelin 11-də abidənin önünə al qızılgüllər qoyulmuşdu. Çiynində çanta olan 12-13 yaşlı üç məktəbli əllərində gül tutan insanları görüb onlara yaxınlaşdılar: “Bu gün Mehdi Hüseynzadə ilə əlaqədar hansı hadisə baş vermişdir? Biz yaxınlıqdakı məktəbdə oxuyuruq. Qələbə günü, habelə qəhrəmanın doğum günü və həlak olduğu gün buraya gəlirik”.
Toplaşanlardan biri uşaqlara dedi ki, 1957-ci ilin bu günü Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Respublika Müharibə, Silahlı Qüvvələr və Əmək Veteranları Şurası Bakı bölməsinin sədri Mirzəcan Məmmədov bildirmişdir ki, bu il Mehdi Hüseynzadənin 90 illik yubileyi qeyd olunacaqdır. Bugünkü toplantı yubileylə bağlı silsilə tədbirlərin birincisidir.
Qəhrəmanın qohumu Mehdi Əzizbəyov demişdir: “Ötən ilin oktyabrında Sloveniyanın Novo Qoritsa şəhəri yaxınlığındakı Şempas qəsəbəsində Azərbaycan xalqının qəhrəman oğlunun büstü açılmışdır. Büstün açılış mərasimində Azərbaycan nümayəndə heyəti, habelə Mixaylonun döyüş yoldaşları, onu xatırlayan kənd sakinləri də iştirak edirdilər. Bakıda M.Hüseynzadənin abidəsini ziyarətə daim veteranlar, məktəblilər gəlir. Ümummilli lider Heydər Əliyev xalqımızın qəhrəman oğlunun abidəsini tez-tez ziyarət edərdi. Təəssüf ki, indi abidənin yerləşdiyi bağça baxımsız qalmışdır.
Mehdi Hüseynzadənin döyüş yoldaşının oğlu Məmməd Həkimli deyir ki, döyüş yoldaşları son nəfəslərinədək onu unutmadılar. Mixaylonun kəşfiyyatçı kimi xidmət etdiyi “Ruska çeta” rotasının komandiri Cavad Həkimli tez-tez buraya gələrdi.
Qələbə günündən çox illər keçmiş, nəsillər bir-birini əvəz etmişdir. Vətən onun xoşbəxt gələcəyi naminə canlarından keçmiş mərd oğullarını heç zaman unutmayacaqdır.