“Qəhrəmanlarımız qan yaddaşımızdır” kitabının təqdimatı olub
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qəhrəmanlarımız qan yaddaşımızdır” kitabının təqdimat mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi tərəfindən hazırlanan və nəşr etdirilən kitab 2016-cı ilin aprelində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov 2016-cı il aprelin 2-dən 5-dək cəbhədə baş verən və ordumuzun düşmən üzərində açıq qələbəsi ilə nəticələnən Aprel döyüşlərindən danışıb.
Bildirilib ki, Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən iki il ötür. Ordumuz 2016-cı ilin aprelində tariximizə yeni bir qəhrəmanlıq səhifəsi yazıb.
Ç.Bayramov təqdim olunan “Qəhrəmanlarımız qan yaddaşımızdır” kitabında Aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan vətən övladları haqqında məlumatlar verildiyini diqqətə çatdırıb.
UNEC-in prorektoru, dosent Səadət Qəndilova vurğulayıb ki, Aprel döyüşləri xalqımızın hərb tarixinin parlaq səhifələrindən biridir. Bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əsgər və zabitlərin döyüş bacarığını, ordunun peşəkarlığını nümayiş etdirib.
Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Rauf Dəmirov Aprel döyüşlərinin uğurlu nəticələrindən danışıb, bu döyüşlərin tarixi əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini göstərən qəhrəmanlıq tarixidir.
R.Dəmirov ermənilər tərəfindən zəbt edilmiş torpaqlarımızın Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminliyini bildirib.
Aprel şəhidləri Tural Dadaşovun anası Kəmalə Dadaşova, Mahir Mirzəyevin atası Sabir Mirzəyev Aprel döyüşlərində ordumuzun göstərdiyi şücaətlərdən bəhs edib, gəncləri qəhrəmanlığa, vətənpərvərliyə çağırıblar.
Digər çıxış edənlər də Aprel döyüşlərində Azərbaycan ordusunun parlaq qələbələrindən danışıb, bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarına həsr olunan “Qəhrəmanlarımız qan yaddaşımızdır” kitabı haqqında fikirlərini bildirib, nəşrin əhəmiyyətini vurğulayıblar.