İQTİSADİYYAT
Qeyri-neft məhsullarımızın Rumıniyaya ixracının genişləndirilməsi imkanları müzakirə olunub
Bakı, 9 sentyabr, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Rumıniyanın Kovasna Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə sentyabrın 9-da Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən tekstil sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.
AZƏRTAC xəbər verir ki, forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev, AQSİA-nın sədri Səkinə Babayeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Kovasna Sənaye və Ticarət Palatasının layihə meneceri Miklos Csaszar və deputat Musa Quliyev ölkəmizin əlverişli biznes və investisiya mühiti, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün potensialı, KOB-ların fəaliyyəti, qeyri-neft məhsullarımızın Rumıniyaya ixracının genişləndirilməsi imkanları barədə məlumat verib, bu sahədə özəl sektorun rolunu vurğulayıblar.
Tədbir çərçivəsində Rumıniyanın biznes imkanlarına dair təqdimatlar keçirilib. Forum sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.