SİYASƏT
QHT-LƏRƏ DÖVLƏT DƏSTƏYİ ŞURASININ RƏHBƏRLİYİ ABŞ-A TANIŞLIQ SƏFƏRİNƏ GEDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyi ABŞ-ın Sietl şəhərinə səfər edəcəkdir.
Şuranın katibliyindən bildirmişlər ki, ongünlük səfərin məqsədi ABŞ-da dövlət strukturları ilə QHT-lərin fəaliyyətini əlaqələndirən, habelə ölkənin ictimai sektoruna dövlət dəstəyinin müxtəlif formalarını həyata keçirən oxşar qurumun fəaliyyəti ilə tanışlıqdır.
Şuranın sədri Azay Quliyev, sədr müavini Tahir Süleymanov və katibliyin icraçı direktoru Fərasət Qurbanov səfər çərçivəsində ABŞ hökumətinin ictimai sektorla bağlı siyasəti, qrantayırma üzrə strateji planlaşdırması, layihə təkliflərinin təqdim edilməsi üçün sənədlərin tərtibi və maliyyə yardımlarının verilmə mexanizmləri, qrant almış təşkilatların layihə icrasının monitorinq sistemi, hesabatların təqdim olunması təfsilatları, layihələrin nəticələrinin qiymətləndirilməsi üzrə fəaliyyətlə tanış olacaqlar.
ABŞ-ın İnkişaf Agentliyinin Counterpart İnternational beynəlxalq təşkilatı nümayəndə heyəti üçün zəngin görüşlər proqramı müəyyənləşdirmişdir. Nümayəndə heyəti Vaşinqtonun nüfuzlu ictimai strukturlarının rəhbərləri, QHT və universitet kollektivləri, eləcə də biznes və özəl sektorunun təmsilçiləri ilə müxtəlif görüşlər keçirəcəkdir.