“Qloballaşan dünyada multikulturalizm şəraitində dilin inkişafı” kitabı çapdan çıxıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın “Qloballaşan dünyada multikulturalizm şəraitində dilin inkişafı” monoqrafiyası çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, “Avropa” nəşriyyatında çap edilən monoqrafiya qloballaşan müasir dünyada multikulturalizm şəraitində milli dilin inkişafını nəzərə alaraq xarici dillərin tədrisinin təkmilləşdirilməsi məqsədi daşıyır. Burada mədəniyyətlərarası kommunikasiya anlayışının təsnifi, təhlili və xüsusiyyətləri, linqvistik kompetensiya strukturunun tədqiqi, spesifik xüsusiyyətlərinin tətbiqi üsullarının izahı, multikulturalizmin tarixi, inkişaf tendensiyaları və nəzəri aspektləri əksini tapıb. Həmçinin bu sahədə ən yeni nəzəri istiqamətlər, müasir beynəlxalq münasibətlərin inkişafının real əsasları, şərtləri və onlardan asılı olaraq müxtəlifsistemli dillərin effektiv tədrisinin aşılanması və digər məsələlər yer alıb.
Müəllim və tələbələrə elmi-metodik kömək məqsədilə yazılmış kitabdan təhsil işçiləri, dil mütəxəssisləri, ali məktəb tələbələri, o cümlədən bakalavr və magistrlər, habelə doktorant və dissertantlar, beynəlxalq münasibətlərin nəzəri əsasları ilə maraqlananlar, ümumiyyətlə, geniş oxucu auditoriyası istifadə edə bilər. Monoqrafiya linqvokulturologiya, sosiolinqvistika, linqvodidaktika, leksikologiya, müqayisəli tipologiya, pedaqogika, psixologiya, üslubiyyat, praqmatika, məntiq, ölkəşünaslıq sahələri ilə maraqlanan mütəxəssislər üçün də faydalı mənbədir.
Yeddi fəsildən ibarət olan monoqrafiyanın “Mədəniyyətlərarası kommunikasiya anlayışı” adlı birinci fəslində qlobalizasiya prosesi, müasir kütləvi və informativ cəmiyyət, dil və mədəniyyətin sıx əlaqəsi, mədəniyyət fenomeni qlobal kontekstdə, “azərbaycançılıq” milli ideologiyası, etnik şüurun variativliyi, şəxsiyyətlərarası kommunikasiya, mədəniyyətlərarası kommunikasiya anlayışı və mövzu ilə bağlı digər məsələlər ətraflı təhlil olunur.
İkinci fəsil “Kommunikasiyanın şəxsi amilləri” adlanır. Burada fərdlərin xüsusi qabiliyyətləri, bacarıqları və vərdişləri, kommunikativ fəallığı, kommunikativ metodologiyası, kommunikativ aktı və kommunikativ prosesi, işgüzar ünsiyyətdə kommunikasiya və yarana bilən kommunikativ maneələr, kütləvi kommunikasiya nəzəriyyəsi təhlil süzgəcindən keçirilir.
“Linqvistik kompetensiyanın strukturu: inkulturasiya, akkulturasiya və sosializasiya” kimi aktual mövzudan bəhs edən üçüncü fəsildə kommunikativ şəxsiyyətin tərifi verilir, həmçinin kommunikativ şəxsiyyət üçün təyinedici üç parametr - motivasiyalı, koqnitiv və funksional parametrlər təsvir olunur.
“Multikulturalizmin tarixi və inkişaf tendensiyaları” adlanan digər fəsildə qeyd olunur ki, “multikulturalizm” bir termin kimi dilimizə son vaxtlar daxil olsa da, mahiyyət etibarilə yeni deyil. Azərbaycanda multikultural dəyərlər, multimədəniyyətli cəmiyyətlər əsrlərboyu mövcud olub, sivilizasiyalararası ziddiyyətlərin böhran həddinə çatdığı müasir dövrümüzdə isə xüsusi aktuallıq və dəyər kəsb etməyə başlayıb. Bu fəsildə Azərbaycanın tolerantlıq, etnik-dözümlülük ənənələrindən bəhs edilir.
Monoqrafiyanın beşinci fəsli multikulturalizmin nəzəri aspektlərinə və istiqamətlərinə həsr olunub. Müəllifin fikrincə, hazırkı dövrdə müxtəlif politoloji, sosial-siyasi, sosioloji, tarixi tədqiqatların predmetinə, qızğın müzakirə və mübahisə mövzusuna, əksər dövlətlərin konstitusiyasının ana xəttinə, habelə beynəlxalq sazişlərin başlıca ideyasına çevrilmiş insan haqlarının müxtəlif kontekstlərdən öyrənilməsinə böyük ehtiyac var. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir və Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın, multikulturalizmin yüksək səviyyədə mövcudluğu bunun bariz nümunəsidir.
“Müasir beynəlxalq münasibətlərin inkişafının real əsasları və şərtləri” adlı fəsildə qlobal terrorizm şəraitində yaşayan bəşəriyyətin universal beynəlxalq təhlükəsizliyində dünya mədəniyyətinin rolu təhlil olunur. Bu baxımdan Azərbaycan mədəniyyətinin “siyasi mədəniyyət” kontekstində bir çox ölkələrə parlaq nümunə olduğu xüsusi vurğulanır.
Kitabın sonuncu, yeddinci fəsli “Müxtəlifsistemli dillərin effektiv tədrisinin aşılanması” mövzusuna həsr edilib. Müəllif bu kontekstdə Azərbaycanda Elmin İnkişafı Fondunun yaradılmasını, sosial-iqtisadi inkişafı, humanitar sahəyə diqqətlə yanaşmanı son illərdə ölkəmizin uğurlu inkişafını şərtləndirən əsas amillər kimi səciyyələndirir. Belə şəraitdə xarici dillərin keyfiyyətli tədrisinin böyük aktuallıq kəsb etdiyini vurğulayır.
Müəllif sonda fikirlərini ümumiləşdirərək belə nəticəyə gəlir ki, Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni şəraiti, burada mövcud olan multikulturalizm mühiti dövlət dilimizin lüğət fondunun özəlliklərini qoruyub saxlamaq şərtilə onun bütün türk dövlətlərinin ümumişlək dilinə çevrilməsinə, beynəlxalq status almasına imkan yaradır.
Nəşrin elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İsa Həbibbəyli, redaktoru Milli Məclisin deputatı Zahid Orucdur.
“Qloballaşan dünyada multikulturalizm şəraitində dilin inkişafı” monoqrafiyasının müəllifi Nigar Vəliyeva 2011-ci ildən Avropa Linqvistik Cəmiyyətinin üzvüdür. Elmi əsərləri ABŞ, Rusiya, Braziliya, Polşa, İspaniya, Rumıniya, Fransa, Gürcüstan və Kanadada, habelə ölkəmizin bir sıra nüfuzlu beynəlxalq elmi-nəzəri-metodik jurnallarında çap edilib.