Qobustanda keçirilən bayram tədbiri iştirakçılarda xoş ovqat yaradıb
Qobustan, 28 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin gərgin səyi nəticəsində yaranan, formalaşan və təşkilatlanan Azərbaycan diasporu bu gün dünyanın hər yerində ölkəmizin maraqlarını qoruyur, müdafiə edir. Azərbaycan Prezidentinin xaricdə yaşayan soydaşlarımızın həmrəyliyi, sıx əməkdaşlığı və birgə mübarizəsi istiqamətində gördüyü prinsipial işlər bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Qobustan şəhərindəki Gənclər Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilən təntənəli yığıncaqda səsləndirilib.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov iştirakçıları təbrik edərək, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir məqsəd - azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən, bunun üçün ümummilli lider Heydər Əliyevin vaxtilə müəyyənləşdirdiyi uğurlu dövlət siyasətindən, gördüyü işlərdən danışıb. İcra hakimiyyətinin başçısı 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafı, qarşıdakı ildə görüləcək həllivacib işlər barədə də ətraflı məlumat verib. Əminliklə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf konsepsiyası Qobustanda da dinamik inkişafı təmin edəcək.
Bayram tədbirində rayon musiqiçilərinin ifasında səsləndirilən rəngarəng konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb.