Qubalı tələbələr narkotikə yox deyir
Bakı, 14 aprel, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə “Narkotik asılılıq və onun fəsadları” mövzusunda treninq keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasından məlumat verilib.
Tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri xüsusi təqdimatları ilə tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə zəruri məlumatlar verilib.
Sonda tələbələrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilib.