CƏMİYYƏT
Qusarda reproduktiv sağlamlığın qorunmasına dair maarifləndirici tədbir keçirilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Təhsil Nazirliyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin birgə əməkdaşlığı ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması, təhlükəsiz cinsi davranış vərdişlərinin formalaşdırılması istiqamətində növbəti maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, Qusar Rayon Gənclər və İdman İdarəsi Gənclər evində təşkil olunan tədbirdə iştirak edən yeniyetmələrə “Geniş yayılan infeksiyalar və onların reproduktiv sağlamlığa təsiri” mövzusunda ətraflı məlumat verildi.
İSİM-in nümayəndəsi, həkim Afət Məmmədova yeniyetmə və gənclərin reproduktiv sağlamlıq, sanitar-gigiyenik maarifləndirmə, sağlam ailənin əsasları ilə bağlı tibbi məlumata sahib olmasının əhəmiyyətini vurğulayaraq, ailə planlaşdırılması və müasir kontraseptiv üsullar, eyni zamanda abort və erkən nikahların fəsadlarını diqqətə çatdırıb.