İDMAN
Real Madrid Fondu Bakıda futbol məşqçiləri üçün seminar təşkil edib
Bakı, 28 fevral, AZƏRTAC
Real Madrid Fondu Bakıda futbol məşqçiləri üçün seminar keçirib. Gənclər və İdman Nazirliyinin Fondu ilə birgə həyata keçirdiyi layihə çərçivəsində fondun beynəlxalq zona üzrə meneceri İqnasio Abasqal bu məqsədlə Bakıya gəlib.
AZƏRTAC xəbər verir ki, seminarda Real Madrid Fondunun Azərbaycan Sosial Futbol Məktəbinin 7 məşqçisi ilə yanaşı, uşaq futbolunda çalışan gənc mütəxəssislər də iştirak ediblər. Tədbirin yekununda iştirakçılara xüsusi sertifikatlar verilib.
Real Madrid Fondunun Azərbaycan Sosial Futbol Məktəbinin baş əlaqələndiricisi Vaqif Ayvazov 2013-cü ildən fəaliyyət göstərən məktəbin üçüncü dəfə belə beynəlxalq tədbirə ev sahibliyi etdiyini deyib: “Burada əsas məqsəd əməkdaşlıq etdiyimiz Real Madrid Fondunun təlim metodologiyasını təbliğ etmək, məşhur “Real Madrid” futbol klubunun məşq metodları, uşaq və yeniyetmələrin hazırlıq mərhələlərinə dair əyani və praktiki biliklər əldə etməkdir. Məktəbimizin məşqçiləri ilə yanaşı, bir sıra yerli mütəxəssisləri də dəvət etmişik. İstəyirik ki, daha çox məşqçi beynəlxalq təcrübəni öyrənsin”.
Təlim nəzəri və təcrübi hissələrdən ibarət olub. Nəzəri dərslər zamanı məşq prosesinin planlaşdırılması, uşaqlarla məşq etmək üçün yeni strategiyalar öyrədilib. Praktiki dərslər zamanı isə hər məşqçi ona verilən tapşırığı yerinə yetirib. Təlimçi İqnasio Abasqal məşqçilərə tövsiyələrini verib.
Real Madrid Fondunun Azərbaycan Sosial Futbol Məktəbi altı ildir fəaliyyət göstərir. 2013-2018-ci illəri əhatə edən ilk layihənin uğurlu alınmasına görə 2018-ci ilin yanvarında yeni müqavilə imzalanıb. Real Madrid Fondunun Azərbaycandakı sosial məktəbi yaradılan zaman MDB məkanında birinci, Avropada səkkizinci olub.