RƏCƏB TAYYİB ƏRDOĞAN: “UZANLAR AMANSIZ OĞRUDUR!”
AZƏRTAC-ın Ankaradakı xüsusi müxbiri xəbər verir ki, qəzetin 27 iyul tarixli nömrəsinin birinci səhifəsində yer alan məqaləyə baş nazirin çıxışındakı “Uzanlar amansız oğrudur!” sözləri sərlövhə seçilmişdir. Məqalədə “Uzan qrupu”na aid şirkətlərin və bankların bir-birinin ardınca dövlət tərəfindən müsadirə edilməsi prosesindən qorxan ailə üzvlərinin yaşadıqları villaları öz adlarından çıxarıb borcu olmayan şirkətlərin balansına keçirdikləri oxucuların diqqətinə çatdırılıb. Qeyd olunub ki, Hakan Uzan yaşadığı villanın qapısından “Rumeli Telekom Anonim Şirkətinin Qonaq Evi” sözləri yazılmış lövhə asmışdır.
Türkiyənin yüksək nüfuzlu “Xəbər-Türk” televiziya kanalı isə bazar günü efirə Cem Uzanın məhkəmə prosesləri haqqında məlumat yaymışdır. Həmin məlumatda deyilir ki, “Star” televiziya kanalının və “Star” qəzetinin sahibi Cem Uzan haqqında Türk Cəza Qanununun 159-cu maddəsinə -“Hökumətin mənəvi şəxsiyyətini aydın şəkildə təhqir və ələ salmaq” maddəsinə görə, Bursa 1-ci Ağır Cəza Məhkəməsində, həmin qanunun 481/4-cü və 273-cü – baş naziri “təhqir” maddələrinə görə də 3-cü Əsliyə Cəza Məhkəməsində məhkəmə prosesləri başlanacaqdır.
Türkiyə mətbuatı iqtisadiyyatdan yazan nüfuzlu “Forbes” jurnalının səhifələrində “Uzan qrupu” haqqında dərc olunan məqaləyə də böyük yer ayırmışdır. Jurnalın məqaləsində “Uzan qrupu”nun əlindəki bankların müsadirəsindən sonra bu qrupun böyük maliyyə sıxıntısı ilə üzləşdiyi bildirilir. Jurnal “Uzan qrupu” haqqında yüzlərlə məhkəmə işi qaldırıldığını vurğulayır.
Onu da qeyd edək ki, Cem Uzanın sədr olduğu “Gənc partiya” Türkiyədə son parlament seçkilərində millətçilərdən çox səs toplamışdı. Ancaq istər partiyanın sədri Cem Uzanın mitinqlərin birində Ermənistanla əlaqələrin yaxşılaşdırılmasının vacibliyi haqqındakı sözləri, istərsə də bir ay bundan əvvəl “Star” televiziyasında yayımlanan əyləncə-yarışma proqramında erməni əsilli vətəndaşa 150 min ABŞ dolları məbləğində mükafat verməsi bu səslərin əriməsinə səbəb oldu. Seçicilər partiyanın millətçi mövqeyinin türk dünyası ilə əlaqələr yaratmaq, siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək deyil, yalnız seçicilərin səsini qazanmaq üçün təbliğat xarakteri daşıdığını anladıqları üçün belə hərəkət etmişlər.