REFERENDUM ÖLKƏMİZİN GÜRCÜSTANDAKI SƏFİRLİYİNDƏ YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL EDİLMİŞDİ
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə əlaqədar referendumun yüksək səviyyədə təşkil olunması üçün ölkəmizin Gürcüstandakı səfirliyində vaxtında lazımi hazırlıq görülmüşdür.
Qeyd edək ki, bu ümumxalq səsverməsi təkcə Azərbaycan vətəndaşları arasında deyil, Gürcüstandakı soydaşlarımızda da böyük maraq doğurmuşdur. Buna görə də Tbilisidəki səfirliyimizin əməkdaşları hələ referenduma hazırlığın gedişində soydaşlarımıza ətraflı məlumat vermiş və dövlətimizin Əsas Qanununa dəyişikliklərin siyasi əhəmiyyətini izah etmişdilər.
Azərbaycan vətəndaşı olub Gürcüstanda çalışan iş adamları və bu ölkəyə ezam edilmiş həmvətənlərimiz referenduma çıxarılan məsələlərə öz münasibətini bildirmək üçün avqustun 24-də səhər səfirliyimizdəki səsvermə məntəqəsinə gəlmişlər. Səsvermədə iştirak etmək üçün 48 nəfər qeydə alınmışdır.
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hacan Hacıyev səhər tezdən həmvətənlərimizi mehribanlıqla qarşılamış, onlarla hal-əhval tutmuş və səs verməyə gəldiklərinə görə təşəkkürünü bildirmişdir.
AZƏRTAC-ın xüsusi müxbiri onlardan biri - Saleh Abdullayev ilə görüşüb söhbət etmişdir. O demişdir:
- Biz, Tbilisidə, ümumiyyətlə, Gürcüstanda olan Azərbaycan biznesmenləri Konstitusiyamıza təklif edilən dəyişikliklərin çox böyük siyasi əhəmiyyət daşıdığını başa düşürük və bilirik ki, hörmətli Prezidentimiz Heydər Əliyevin irəli sürdüyü bu dəyişikliklər, bəzi müxalif qüvvələrin cəfəng fikirlərinin əksinə olaraq, ölkəmizdə insan və vətəndaş hüquqları və azadlıqlarının daha da möhkəmlənməsinə yönəldilmişdir. Əslinə qalsa, bu dəyişikliklər zamanın tələbidir, çünki müstəqil Azərbaycanımızın 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyasından sonra təkcə vətənimizdə deyil, bütün dünyada da köklü dəyişikliklər baş vermişdir və təbii ki, bunlar Əsas Qanunumuzda öz əksini tapmalı idi və qəti əminəm, tapacaqdır. Mən həmkarlarım adından bildirirəm ki, biz hamımız möhtərəm Heydər Əliyevin təklif etdiyi bütün dəyişiklikləri ürəkdən bəyənir və dəstəkləyirik.
Səfirliyimizdə referendumun təşkili və keçirilməsi üçün yaradılmış komissiyanın verdiyi məlumata görə, saat 20-dək həmin 48 nəfərin əksəriyyəti səsvermədə iştirak etmişdir. Onlar referenduma çıxarılmış məsələləri dəstəkləmişlər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi