REGİONLAR
Region kitabxanalarının əməkdaşları elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi mövzusunda maarifləndiriliblər
![](/files/galleryphoto/2022/3/1200x630/16656708852704045971_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16656708855863145081_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16656708855073018106_1200x630.jpeg)
Gəncə, 13 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən icra edilən “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin İdarə heyətinin sədri Mehman Xəlilov iştirakçıları layihənin məqsəd və vəzifələri, həyata keçiriləcək fəaliyyətlər və gözlənilən nəticələr barədə məlumatlandırıb.
Mehman Xəlilov çıxışında informasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə kitabxana fondlarının rəqəmsallaşdırılmasının və elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi sahəsində region kitabxanaları əməkdaşlarının bilik və bacarıqlarının artırılmasının vacibliyindən danışıb.
Gəncə şəhərinin Mərkəzi kitabxanasında təşkil edilən təlimin məruzəçi eksperti, Azərbaycan Milli Kitabxanasının Elektron kitabxananın inkişafı şöbəsinin müdiri Lalə Ağayevanın aparıcılığı ilə Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının 18 nəfər kitabxana əməkdaşlarına layihə çərçivəsində “Elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi” mövzusunda təlim keçirilib.
Sonda iştirakçılar tərəfindən təlimin ümumi qiymətləndirilməsi, həmçinin elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi mövzusunda müzakirələr və fikir mübadiləsi aparılıb.